"Güzəştli mənzil” sistemi 2017-ci il mayın 1-dən işə düşəcək”

Güzəştlı mənzil əldə etmək istəyən insanları maraqlandıran əsas suallardan biri budur ki, sosial mənzillər nə zaman hazır olacaq və qeydiyyat necə aparılacaq?

Mənzil İnşaatı Dövlət Agentliyindən “Yeniavaz.com”a verilən məlumata görə, ilk layihəsi olan, sahəsi 11,6 hektar təşkil edən Yasamal Yaşayış Kompleksinin yerləşəcəyi ərazi üçün şəhərsalma əsaslandırılması sənədi hazırlanaraq təsdiq olunub, habelə tikintinin layihə-smeta sənədləri tərtib edilib: "Hazırkı mərhələdə tikinti layihəsi müvafiq ekspertiza rəyinin alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Baş Ekspertiza İdarəsinə təqdim edilib. Ekspertiza öz rəyini verdikdən sonra, çox güman ki, 2 ay ərzində layihəyə start veriləcək. Evlərin tikintiyə başlanılandan 2 il sonra başa çatdırılaraq təhvil verilməsi nəzərdə tutulub".

Qeyd edək ki, “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na əsasən mənzilləri güzəştlə əldə etmək hüququ Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2-ci bəndində nəzərdə tutulmuş şəxslərə məxsusdur.

Həmin bəndə uyğun olaraq aşağıdakı şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər.

Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

- şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

- Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

- məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

- ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

- ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

- fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

- idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);

Bununla yanaşı, ailə vəziyyətindən asılı olmayaraq, aşağıdakı şəxslər də güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər:

- elmlər doktoru elmi dərəcəsi olan şəxs;

- ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;

- ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

- ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.

Bu kateqoriyaya aid şəxslər “Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edib qeydiyyatdan keçdikdən sonra mənzil seçimini həyata keçirə biləcəklər. “Güzəştli mənzil” elektron sistemi ikipilləli olacaq. İlk növbədə müraciət edən vətəndaşın təqdim edəcəyi məlumatlar əsasında təsdiq olunmuş kateqoriyaya aid olub-olmadığı yoxlanılacaq. Müraciətə 5 iş günü ərzində baxılacaq və qeydiyyat haqqında qərar qəbul olunacaq.

Növbəti mərhələdə, satışa çıxarılan mənzillər haqqında elan dərc olunduqdan sonra sosial mənzil almaq hüququ olan və qeydiyyatdan keçmiş şəxs elektron sistem vasitəsilə mənzili ünvan əsasında otaq sayı və mərtəbə göstərilməklə seçərək əldə edə biləcək. Qaydaya əsasən yalnız layihə üzrə tikinti işlərini 30 və daha çox faizi yerinə yetirilmiş binaların mənzillərinin satışa çıxarılması barədə elan verilə bilər. Elan satışın başlanmasına ən azı 30 gün qalmış veriləcək.

“3 il müddətində özgəninkiləşdirilməsinə, habelə icarəyə və kirayə verilməsinə məhdudiyyət nəzərdə tutulacaq”

Agentlikdən verilən məlumata görə, həmin ərazidə 2 minə yaxın 1, 2, 3 otaqlı mənzillər tikiləcək. Satılacaq mənzillərin qiyməti həmin ərazidəki orta bazar qiymətindən aşağı olacaq: "Eyni zamanda, vətəndaşlar mənzilin dəyərini “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin güzəştli ipoteka krediti vasitəsilə də 3 ildən 30 ilədək müddət ərzində aylıq ödəmək imkanı əldə edəcəklər. Mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təhvil veriləcək. Təsdiq olunmuş qaydalara əsasən, mənzillər əldə olunduqda vətəndaşla müvafiq müqavilə imzalandığı gündən onun tam mülkiyyətinə veriləcək. Bununla belə, müvafiq müqavilədə mənzilin 3 il müddətində özgəninkiləşdirilməsinə, habelə icarəyə və kirayə verilməsinə məhdudiyyət nəzərdə tutulacaq.

“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsi məqsədi ilə "Elektron hökumət” portalında "Güzəştli mənzil” sistemi 2017-ci il mayın 1-dən istifadəyə veriləcək.

“Güzəştli mənzil” sistemi Agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC-nin sərəncamında olan mənzilləri əldə etmək istəyən Azərbaycan Respublikası vətəndaşının elektron müraciətinin real vaxt rejimində vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını təmin edəcək.

Agentlikdən verilən məlumata görə, inşa olunacaq binaların və təmirin keyfiyyətinin yüksək səviyyədə olmasına ciddi nəzarət ediləcək. Layihələrin icrası zamanı sahibkarlar qarşısında həm görülən işin, həm də istifadə olunan tikinti materiallarının keyfiyyətinin standartlara uyğun olması ilə bağlı tələb qoyulacaq və bu qaydalara əməl olunması təmin ediləcək.

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top