Yol polislərinə "cərimə planı qoyulub" iddiaları ilə bağlı DYP-dən AÇIQLAMA

Yol polislərinə "cərimə planı"nın qoyulması iddiaları ilə bağlı Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Yeniavaz.com" saytına açıqlama verib. Məlumat üçün bildirək ki, iddialara görə, dövlət yol polisi əməkdaşlarına "gündəlik cərimə planı" qoyulub və onlar guya bu planı doldurmaq üçün daha çox sürücü saxlayır, görünməyən yerlərdə dayanır və avtomobil sahiblərini cərimələyirlər.

"Əməkdaşdan müvafiq işlərin görülməsi tələb olunur"

Kamran Əliyevin sözlərinə görə, hər inspektor dislokasiya üzrə xidmət aparır: "Elə bir rəsmi plan yoxdur. Lakin məsələ burasındadır ki, hansısa ərazidə qəzalılıq dərəcəsinə uyğun olaraq, əgər həqiqətən də qayda pozuntularının yol verilməsi halları çoxdursa, bəli, iş görülməsi ilə bağlı tələb var. Əgər yol hərəkəti qayda pozuntusu vizual olaraq müşahidə olunursa, nəticədə ərazidə qəzaların sayı çoxdursa, əlbəttə, əməkdaşdan müvafiq işlərin görülməsi tələb edilir. Bu tək yol polisində yox, elə bütün sahələrdə var. Amma bu o demək deyil ki, yol polisinə gündəlik neçə nəfər sürücünü məsuliyyətə cəlb etməsi barədə plan qoyulur. Elə gün olar ki, hərəkətin tənzimlənməsinə cəlb olunan dövlət yol polisi əməkdaşı xidmət vaxtı 2-3 nəfər sürücünü məsuliyyətə cəlb eləyər, ola da bilər xidmət zamanı gün ərzində 20-30 nəfəri məsuliyyətə cəlb eləyər. Dövlət yol polislərinə konkret plan qoyulması, deyilməsi, elə bir şey yoxdur".

"Yaşayış məntəqələrində qayda pozuntusuna yol vermə halları daha çoxdur"

"Yol hərəkəti qaydası pozuntularının vizual ən çox müşahidə edildiyi ərazilər hansılardır?" sualımıza Kamran Əliyevin cavabı belə oldu: "Qayda pozuntularının çox olduğu ərazilər müxtəlifdir. Hər inspektor dislokasiya üzrə xidmət aparır. Müəyyən dislokasiyalar ola bilər ki, rayonlararası yollar olsun, dislokasiya var ki, şəhər daxilindədir, 7-8 küçəni əhatə eləyir. Yəni sözsüz ki, bunlarda fərq var. Şəhər daxilində hərəkət intensivliyi ilə rayonlar arasındakı yollarda vəziyyət bir deyil. Ona görə də hərəkətin daha çox intensiv olduğu yerlərdə, xüsusilə yaşayış məntəqələrində qayda pozuntusuna yol vermə halları daha çoxdur, nəinki düz yolda".

"İnzibati xəta haqqında protokolun təxminən 60 faizi elektrondur"

Bəs bir yol polisi əməkdaşı orta hesabla təxminən nə qədər sürücü cərimələyir? Kamran Əliyev bu suala birmənalı cavab verməyin çətin olduğunu bildirdi: "Bir əməkdaş gün ərzində orta hesabla yəqin ki, təxminən... (cümləsini yarımçıq saxlayır). Şəhərdə - Bakıda fərqlidir, Gədəbəydə, Daşkəsəndə fərqlidir. Bunu konkret demək çətindir. Şəhərin özündə də qaydaların pozulduğu nöqtələr daha çoxdur, hərəkət intensivliyi daha çoxdur, qayda pozuntusu daha çoxdur, amma digər hissəsində azdır. Ona görə bunu ümumi demək çətindir. Mən bir məsələni deyə bilərəm ki, il ərzində təxminən 2 milyon 800 minədək inzibati xəta haqqında protokol tərtib olunur, onun da haradasa təxminən 60 faizi elektron protokoldur. Qalanı isə bizim əməkdaşlar tərəfindən aşkar olunan qayda pozuntularıdır. Bu da haradasa 1,2-1,3 milyon civarındadır - il ərzində".

Şərh yazanlar əksini bildirir...

Qeyd edək ki, hüquqşünas Ərşad Hüseynov "Yeniavaz.com" saytına açıqlamasında bildirmişdi ki, qanunvericilikdə "yol polisi gündəlik bu qədər cərimə yazmalıdır" deyə bir müddəa yoxdur: "Qanunda göstərilir ki, dövlət yol polisinin təyinatında birinci məqsəd yol hərəkəti təhlükəsizliyini təmin eləməkdir. Yəni yol hərəkəti təhlükəsizliyi ilə bağlı problemlərin həllində hərəkət iştirakçılarına kömək etməkdir, hərəkəti nizamlamaq, problem yarananda - tıxac olanda onu açmaq, sürücü çətin vəziyyətə düşəndə yardım eləmək, nişanlar yoxdursa, yolda çətinlik varsa, onu müvafiq qurumların diqqətinə çatdırmaq və orada həm də nəzarət vaxtı kim qanunu pozarsa, onlar barəsində tədbir görməkdir. Amma qanunla yol polislərinə plan qoyulmasından söhbət gedə bilməz. Qanunda belə bir şey nəzərdə tutulmur, yazıla bilməz, dünyanın heç bir yerində belə bir şey yoxdur. Qanuni, hüquqi baxımdan belə bir şey ola bilməz".

Sonda onu da əlavə edək ki, bu mövzuda ilk yazdığımız yazı sosial şəbəkələrdə də paylaşılıb və xəbərə münasibət bildirən vətəndaşlar əksini iddia ediblər. Onlar öz şərhləri ilə yol polislərinə cərimə yazmaqla bağlı planın qoyulması barədə iddiaları bir qədər də zənginləşdiriblər...

Nicat

DİGƏR XƏBƏRLƏR

Top