Bu ilin 6 ayında sahibkarlara 63 milyon manatdan çox güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) İsmayıllı rayonunun Təzəkənd kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, İsmayıllıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

İşgüzar forumda İsmayıllı rayonunun iqtisadi potensialına uyğun olaraq intensiv bağçılıq, tərəvəzçilik, cins heyvandarlıq, arıçılıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev tədbir iştirakçılarına məlumat verərək bildirib ki, cari ilin I yarım ili ərzində 690 sahibkara 63,3 mln. manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 2 300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Bu dövrdə verilən güzəştli kreditlərin 76%-i ölkə regionlarının, 24%-i isə Bakı qəsəbələrinin payına düşür.

İşgüzar forumda Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1,5 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, müalicə-sağlamlıq mərkəzinin tikintisi və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə layihələrin reallaşdırılması 100-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradacaq. Ümumilikdə isə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 900-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 69,3 mln. manat güzəştli kredit verilib.

Forum çərçivəsində İsmayıllının Kürdmaşı kəndində güzəştli kredit ayrılmış aqroparkda aparılan işlərə baxış keçirilib.

Aqroparklar quşçuluq və heyvandarlığın xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, idxalı azaltmaqla kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişlənməsinə şərait yaradır.

Qeyd edək ki, artıq Xaçmaz rayonunda Yalama aqroparkında I mərhələ üzrə işlər başa çatdırılıb və Şəmkir aqroparkında I mərhələ üzrə işlər davam etdirilir. Bundan əlavə, Samux, Goranboy, Ağcabədi, Şabran, Salyan, Şamaxı, Füzuli, Cəlilabad və İsmayıllı rayonlarında da aqroparklar yaradılır. SKMF tərəfindən bu aqroparkların yaradılmasına 76,1 mln. manat güzəştli kredit verilib.

DİGƏR XƏBƏRLƏR

Top