Yol polislərinə "cərimə planı qoyulub" iddiaları - belə bir şey mümkündürmü?

Yol polislərinə "cərimə planı"nın qoyulması ilə bağlı söz-söhbətləri yəqin siz də eşitmisiniz. İddialar səsləndirilir ki, dövlət yol polisi əməkdaşlarına "gündəlik cərimə planı" qoyulub və onlar guya bu planı doldurmaq üçün daha çox sürücü saxladır, görünməyən yerlərdə dayanır və avtomobil sahiblərini cərimələyirlər. Belə bir mövzuda xəbər hazırlamağımız bəlkə də bir çoxlarına qəribə gələr, amma insanlar arasında bu barədə söz-söhbət yayılıbsa, niyə də olmasın. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə zəng vursaq da, mövzunu soruşmadan günün ikinci yarısında əlaqə saxlamağımızı xahiş etdi. O, bunu hazırda məşğul olması ilə əsaslandırdı.

Yol polislərinin gündəlik cərimə yazmaq məcburiyyəti ilə bağlı qanunvercilikdə hər hansı müddəanın nəzərdə tutulub-tutulmaması ilə bağlı isə "Yeniavaz.com" saytının suallarını nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov cavablandırdı.

"Vətəndaş bunu sübuta yetirməməlidir"

Ekspertin sözlərinə görə, əgər hər hansı bir sürücünü saxlayan dövlət yol polisi əməkdaşı ona "bizə plan qoyublar" deyərsə, bu araşdırılmalıdır: "Yol polisi əməkdaşı hər hansı bir sürücünü saxlayarsa və bu zaman ona "bizə plan qoyublar" deyərsə, bu, araşdırılmalıdır. Azərbaycan dövlətinin orqanları var, məsələn, Daxili İşlər Nazirliyinin rəhbərliyi var, daxili nəzarəti var, prokurorluq var, belə faktlar olarsa, araşdırmaq lazımdır. Əgər vətəndaşın marağı, istəyi varsa, bununla bağlı müraciət etməlidir. Həmin bu orqanlara müraciət edə bilər ki, belə bir məsələ var, xahiş edirəm, araşdırıb tədbir görün".

Ərşad Hüseynov dedi ki, vətəndaş bunu sübuta yetirməməlidir, həqiqətən, belə fakt varsa, çatdırır və onun əsasında araşdırırlar ki, bu nə deməkdir: "Yol polisi əməkdaşı və yaxud qeyri biri məlum olsa ki, ağzına gələni danışır, ona xəbərdarlıq edə bilərlər və deyərlər get, düz-əməlli işlə, ağzına gələni danışma. Yox əgər məlum olsa ki, doğrudan da belə faktlar var, kimlərsə belə bir plan qoyublar, onda həmin plan qoyanlar araşdırılmalıdır, bunu deyən şəxs yox".

"Dünyanın heç bir yerində belə bir şey yoxdur"

Lakin ekspert qeyd etdi ki, qanunvericilikdə "yol polisi gündəlik bu qədər cərimə yazmalıdır" deyə bir müddəa yoxdur: "Belə bir şey yoxdur və ola da bilməz. Məntiqsiz bir şeydir. Qanunda göstərilir ki, dövlət yol polisinin təyinatında birinci məqsəd yol hərəkəti təhlükəsizliyini təmin eləməkdir. Yəni yol hərəkəti təhlükəsizliyi ilə bağlı problemlərin həllində hərəkət iştirakçılarına kömək etməkdir, hərəkəti nizamlamaq, problem yarananda - tıxac olanda onu açmaq, sürücü çətin vəziyyətə düşəndə yardım eləmək, nişanlar yoxdursa, yolda çətinlik varsa, onu müvafiq qurumların diqqətinə çatdırmaq və orada həm də nəzarət vaxtı kim qanunu pozarsa, onlar barəsində tədbir görməkdir. Amma qanunla yol polislərinə plan qoyulmasından söhbət gedə bilməz. Qanunda belə bir şey nəzərdə tutulmur, yazıla bilməz, dünyanın heç bir yerində belə bir şey yoxdur. Qanuni, hüquqi baxımdan belə bir şey ola bilməz".

Hüquqşünas vurğuladı ki, dövlət yol polisi əməkdaşı gün ərzində 1000 nəfər qanun pozan sürücü aşkar edərsə, hamısını məsuliyyətə cəlb edə bilər: "Yaxud bir ay ərzində heç bir qayda pozan yoxdursa, protokol yazmaya bilər. Bir daha qeyd edirəm, bu deyilənlərin hüquqi baxımdan heç bir əsası yoxdur. Dünya praktikasında da belə bir şey yoxdur".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin də mövqeyini təqdim etməyə çalışacağıq.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top