“Zəhra, bağışla ki, mən səni tanımırdım...” Leyla Əliyeva

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ötən axşam Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alıxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirən 2 yaşlı Quliyeva Zəhra Elnur qızına şeir həsr edib.

“Qafqazinfo” xəbər verir ki, o, rəsmi instaqram hesabında mələk obrazında, qanadları olan qız şəkli paylaşıb.

Leyla Əliyeva şəklə öz yazdığı şeiri əlavə edib.

Rus dilində yazılan şeiri L.Əliyeva “Zəhra haqda xatirə” adlandırıb. O, misralarda Zəhraya ünvanlanan bir neçə xitabdan istifadə edib - “Səni niyə öldürdülər?”, “2 yaşında sənin günahın nədir?”, “Söylə, sən dənizdə çimirdinmi? Uçan quşları görürdünmü?”, “Bizim evimizə bu boyda kədəri kim saldı?”.

Fondun vitse-prezidenti şeirdə əlavə edib ki, Zəhra bizim aramızdan mələk kimi getdi: “Bağışla ki, mən səni tanımırdım, bağışla ki, bütün ölkə ağlayır”.

Niyə öldürdülər, de, səni axı?
O körpə canına necə qıydılar?
İki yaşlı qızın nəymiş günahı –
Aparıb soyuq bir qəbrə qoydular!
Dağları, düzləri sevirdin yəqin,
Qaçırdın otluqda ayağıyalın…
Zərif izlərini kim sildi sənin –
O hansı cəlladdı, o hansı zalım?!_
Heç mavi dənizdə çimmişdinmi sən,
Durub baxmışdınmı uçan quşlara?
İndi hara qaçaq dərdin əlindən,
Kim bizi qərq etdi göz yaşlarına?
Cəllad gülüşüylə durub, yaxından
Tutdular gülləyə, qurşuna səni;
Sənsə köçüb getdin şirin yuxuda...
İlahi, sən özün bağışla məni!
Sıxır ürəyimi, sıxır bu ağrı –
Bu yara heç zaman sağalan deyil!
Nədən o körpəyə qıydınız axı?
Axı neyləmişdi sizə o tifil?
Bağışla məni ki, deyildik tanış!
İndi bütün ölkə yas tutub sənə…
Həyat yollarında addım atmamış
Uçdun mələk kimi uca göylərə!
Niyə öldürdülər, de, səni axı?
Nə cavab verəcək zalım, nə üzlə?
Solan çiçəklərin nədir günahı
O bircə qarışlıq məzarın üstdə...

Tərcümə: Mahir Qarayev

DİGƏR XƏBƏRLƏR

Top