Sosial mənzillər neçəyə satılacaq? Ekspert rəyi

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi çərçivəsində özəl investorların müsabiqə yolu ilə dövlət-özəl tərəfdaşlığına cəlb edilməsi təmin edilib.

Təqdim olunan investisiya təkliflərinin dəyərləndirilməsi nəticəsində Yasamal Yaşayış Kompleksi ərazisində 3 ədəd çoxmərtəbəli yaşayış binasının tikintisi üzrə birinci investisiya müsabiqəsinin qalibi “KAT Holding” MMC (www.katholding.az) elan olunub. Müsabiqə şərtlərinə əsasən, investor tərəfindən inşa olunacaq 12 mərtəbəli 60 mənzillik bir bina Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına veriləcək, həmin binanın yaşayış sahələri “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq.

Digər iki binanın mənzilləri onları bazar qiymətləri ilə almaqda maraqlı olan şəxslərə investor tərəfindən satılacaq. Sözügedən 3 binanın tikintisinin 18 ay ərzində başa çatdırılması, investisiya qoyuluşunun ümumi həcminin isə 10 milyon manatdan artıq təşkil edəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, sosial evlərin birinci kompleksinin tikintisi üçün Yasamal rayonunda 11,6 hektar ərazi ayrılıb. Yasamal yaşayış kompleksi 29 yaşayış binasından ibarət olacaq. Bu isə 1843 mənzil deməkdir. Mənzillər 1, 2 və 3 otaqlı olacaq. Yuxarıda adıçəkilən şirkətlə bağlanmış müqavilə layihənin icrası yönündə MİDA-nın cəlb etdiyi ilk özəl investisiyadır.

2017-ci ilin yenidən baxılan büdcəsinin “İqtisadi və kommersiya fəaliyyəti” köməkçi bölməsi üzrə nəzərdə tutulmuş 50 mln. manat məbləğində artım tam olaraq “Sosial mənzillərin tikintisi və ipoteka ilə bağlı xərclər”in payına düşür. Beləliklə, ilkin vəsait 50% artırılaraq 100 milyon manata çatdırılıb. Bunu da nəzərə aldıqda mənzil problemi yaşayan və güzəştli şərtlərlə ev almaq istəyən vətəndaşların arzularına çatacağını düşünmək olar.

"Yeniavaz.com" xəbər verir ki, "Oxu.Az"a açıqlama verən daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev bildirib ki, müsabiqənin nəticəsi hər iki tərəf üçün hələ ki sərfəli görünür: “Kimin üçün daha çox sərfəli olmasını isə zaman göstərəcək. Belə görünür ki, mənzillər investorun vəsaiti hesabına tikiləcək. Tikinti başa çatdıqdan sonra MİDA-ya 12 mərtəbəli bina pulsuz veriləcək. Yəni faktiki olaraq MİDA mənzil tikintisinə pul xərcləməyəcək. Əvəzində isə həmin mənzillər satıldıqdan sonra MİDA-nın sərbəst maliyyə mənbələri formalaşacaq. Söhbət bir neçə milyon manatdan gedir. Ümumilikdə bu layihələrin tikinti sektoruna müsbət təsiri gözlənilir. Ancaq narahatlıqlar çoxdur. Bu da sağlam rəqabətlə bağlıdır, çünki MİDA digər iştirakçılara nisbətdə üstünlük əldə edəcək və bu, təbiidir. Çünki ümumilikdə onun maya dəyəri aşağı olacaq. Bu layihədə isə o, demək olar ki, heç nə xərcləmir”.

Ekspert bildirir ki, tikinti şirkəti MİDA ilə layihəyə qoşulmaqla pulsuz torpaq və hazır infrastruktur əldə edir: “Bunun müqabilində isə o, 12 mərtəbəli binanı MİDA-ya pulsuz verəcək. O da təxminən şirkətin xərclərinin orta hesabla 30 faizini təşkil edəcək”.

O ki qaldı sosial mənzillərin necə satılmasına, ekspert deyir ki, alıcının öz vəsaiti hesabına və ipoteka krediti ilə alına bilər: “İpoteka kreditləri Azərbaycan İpoteka Fondunun xətti ilə mövcud olan agent bankları tərəfindən veriləcək. Həmin ipoteka kreditlərinin verilməsi şərtləri güzəştli ipoteka kreditlərində olduğu kimi olacaq. Ancaq ipoteka krediti üzrə ilkin ödəniş 10% təşkil edəcək. Hazırkı dəyişiklik Azərbaycan İpoteka Fondunun əhəmiyyətini və fəaliyyət dairəsini genişləndirir. Əvvəllər fond ancaq təkrar bazardan mənzil alışını kreditləşdirirdi. İndi isə bura MİDA-nın tikdiyi binaların alışı üçün kreditlər də daxil olacaq”.

Məlum oldu ki, mənzillərin qiyməti MİDA MMC-nin Müşahidə Şurası tərəfindən müəyyən ediləcək: “Qiymət müəyyən edildikdə mənzilin qiyməti onun bazar qiymətindən aşağı səviyyədə müəyyən ediləcək. Ehtimal etmək olar ki, bu səviyyə mənzilin maya dəyəri ilə bazar dəyəri arasında olan intervalda olacaq. Ancaq bir məqamı da nəzərə almaq lazımdır ki, MİDA torpaq sahəsini pulsuz əldə edir. Üstəlik, onun üçün digər güzəştlər də mövcuddur. Buna görədə həmin mənzillərin maya dəyəri kifayət qədər aşağı olmalıdır. O ki qaldı bazar qiymətinə – bu, İpoteka fondunun hazırda istifadə etdiyi meyarlar əsasında müəyyən olunacaq”.

R.Əliyev bildirdi ki, tikilən bina üzrə işlərin 30%-i tamamlandıqdan sonra onların satışı haqda elan verilə bilər.

Onu da qeyd edək ki, mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz edilmiş vəziyyətdə təhvil veriləcək. Bununla yanaşı, söhbət açdığımız investisiya layihəsi üzrə investor olan tikinti şirkətinin də mənzilləri olacaq. Onların satışı və qiymət siyasəti tikinti şirkətinə aid olacaq.

DİGƏR XƏBƏRLƏR

Top