Macarıstan “Türk axını” qaz kəmərini öz ərazisinədək uzadacaq

Macarıstan və Rusiyanın “Qazprom” şirkəti “Türk axını” qaz kəmərinin Bolqarıstan və Serbiya üzərindən Macarıstanadək uzadılması barədə saziş imzalayıblar.

“Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Macarıstanın xarici iqtisadi əlaqələr və xarici işlər naziri Peter Siyyarto deyib. Macarıstanın magistral qaz kəmərinə 2019-cu ilin sonunda qoşulması gözlənilir. Onun sözlərinə görə, bu, qazın Rumıniya və ya Xorvatiya vasitəsilə çatdırılması ilə müqayisədə daha gerçək qərardır.

Qeyd edək ki, “Türk axını” layihəsi qaz kəmərinin Qara dəniz vasitəsilə Türkiyənin Avropa hissəsinədək və ardınca Yunanıstan sərhədinədək tikintisini nəzərdə tutur. “Türk axını” qaz kəmərinin tikintisinə başlamaqda məqsəd qazın Ukrayna vasitəsilə tranzitindən yan keçməkdir. Boru kəmərinin dəniz hissəsinin uzunluğu təqribən 910 kilometr, Türkiyə ərazisi üzrə quru hissəsinin uzunluğu isə 180 kilometr təşkil edəcək. Qaz kəmərinin birinci xətti Türkiyə bazarı, ikinci xətti isə Cənub və Cənub-Şərqi Avropa ölkələrinin qaz təchizatı üçün nəzərdə tutulub. Hər bir xəttin gücü ildə 15,75 milyard kubmetr qazdır.

DİGƏR XƏBƏRLƏR

Top