Ermənistan tərəfi cəbhədə növbəti təxribat törədib.
Müdafiə Nazirliyi Ermənistan ordusunun növbəti təxribatı ilə bağlı bəyanat yayıb. "Yeniavaz.com" Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.
Evlərə ciddi ziyan dəyib.
Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.
Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.
Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.