Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir hərrac keçirib. "Yeniavaz.com" Komitədən verilən məlumata istinadən bildirir ki, hərracda 5 kiçik dövlət müəssisəsi, 14 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi özəlləşdirilib.
Kiçik dövlət müəssisələri təmir-tikinti və ticarət sahələrinə aid olub Bakıda, Ağsuda, Şirvanda, Zaqatalada və Balakəndə, istifadəsiz qeyri-yaşayış sahələrindən isə 11-i Bakıda, qalanı regionlarda yerləşir.
Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Belə obyektlərə Zaqatala Barama Toxuma zavodunu, Balakəndəki 33 saylı sexi göstərmək olar. Zaqataladakı zavodun torpaq sahəsi 18,35 min kv.m, ümumi faydalı sahəsi isə 3 881 kv.m-dir. Balakəndəki sexin torpaq sahəsi isə 2 803 kv.m, ümumi faydalı sahəsi 403 kv.m-dir. Ümumilikdə özəlləşdirilən əmlakların sahəsi 71 -3 881 kv.m arasında dəyişir.
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac iyulun 11-də keçiriləcəkdir. Hərraca ümumilikdə 206 əmlak çıxarılıb. Bunun 20-si səhmdar cəmiyyət, 85-i kiçik dövlət müəssisə və obyekti, 100-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə yarımçıq tikilidir.