
Mətbuatda mütəmadi olaraq yeni tikilən yaşayış binalarında bir mənzili eyni anda 2-3, bəzən isə daha çox şəxsə satılması ilə bağlı xəbərlər yer alır. İndiyə kimi bu cür dələduzluğa yol verən onlarla şirkət barədə cinayət işi açılıb. Ancaq görünən odur ki, bu tədbirlərə baxmayaraq bir mənzilin eyni anda 2-3 nəfərə satılımasına yenə də rast gəlmək mümkündür. "Yeniavaz.com"un bu sahədə apardığı araşdırma göstərir ki, tikinti şirkətlər belə qanunsuzluqlara inşaatın ilkin mərhələsində əl atırlar. Hündürmərtəbəli binanın 2-3 mərtəbəsi inşa olunduqdan sonra şirkət sahibləri kağız üzərində (layihədə) mövcud olan mənzilləri satışa çıxarırlar. Məlumat üçün qeyd edək ki, dünyanın əksər ölkəsində tikintisi başa çatmayan binalarda mənzillərin satışına icazə verilmir. Ancaq bizdə belə satışlara icazə verildiyi üçün tikinti şirkətləri də bundan sui-istifadə edirlər. Bəs vətəndaşlar aldanmamaq üçün nə etməlidirlər?
- Aldanmamaq üçün vətəndaşlar il növbədə mənzil bazarını ətraflı araşdırmalıdılar. Mənzil hansı tikinti şirkətindən alınacaqsa həmin şirkət haqqında məlumat toplanmalıdır. Məsələn, şirkətin bu sahədəki təcrübəsini və tikinti üçün müvafiq icazəsinin olub-olmamasını öyrənmək, həmçinin şirkətin maliyyə sənədləri ilə tanış olmaq lazımdır. Bu sahədə apardığımız araşdırma göstərir ki, tikinti şirkətlərinin böyük əksəriyyəti inşasına yenicə başladıqları binaları banklara girov qoyaraq yüksək faizlə kredit alırlar. Bu kreditlərin qaytarılmasında problem yarandığı zaman da qeyri-qanuni yollara əl atırlar.
- Aldanmış vətəndaşların açıqlamalarından belə başa düşmək olur ki, onlarla tikinti şirkətləri arasında bir çox hallarda alqı-satqı müqaviləsi bağlanılmır. Sadəcə olaraq vətəndaşa üzərində tikinti şirkətinin möhürü olan arayış verilir və bu arayışda şirkətin vətəndaşdan nə qədər pul aldığı göstərilir. Yarımçıq tikililərdə mənzil alarkən mütləq alqı-satqı müqaviləsi imzalanmalı və notariusda təsdiqləməlidir. Bu zaman diqqət etmək lazımdır ki, müqavilədə alqı-satqı predmeti olan mənzil haqqında ətraflı məlumat yer alsın. Belə olarsa notarius eyni mənzil üzərində bağlanan alqı-satqı müqaviləsini ikinci dəfə təsdiqləməz. Bu da sizə imkan verəcək ki, məhkəmədə mənzilin həqiqi sahibi olduğunuzu sübut edəsiniz.
- Eyni zamanda alacağınız mənzilin sığortalanmasına nail olmalısınız. Belə olarsa siz bu prosesə sığorta şirkətini də cəlb etmiş olarsınız ki, nəticədə tikinti şirkəti üzərindəki nəzarət bir qədər də güclənmiş olar. Aydındır ki, sığorta şirkəti öz maraqlarını qorumaq üçün tikinti prosesinə ciddi nəzarət etməyə başlayacaq.
Tətbiqimizi yükləyə bilərsiniz