Qatara internetlə bilet alanların yeri başqalarına necə SATILIR? FOTO

Azərbaycanda şəhərlərarası avtobuslara, qatarlara onlayn bilet alanların sayı ilbəil artır. Onlayn bilet alışı və satışında məqsəd vaxta qənaət etmək, əlavə əziyyət çəkməməkdir. Lakin bəzi hallarda internet vasitəsi ilə rayonlara bilet alanlar elə problemlərlə üzləşirlər ki, həm əsəb gərginliyi keçirirlər, həm də əlavə əziyyət çəkməli olurlar. Məsələn, bir neçə gün öncə sosial şəbəkədə paylaşılan bir videodan belə aydın olurdu ki, internet vasitəsi ilə avtobusa bilet alan şəxsləri həmin avtobusa minməyə qoymayıblar, yerləri isə başqalarına satılıb.

Növbəti belə problemlə üzləşən şəxslərdən biri də "Yeniavaz.com" saytına müraciət edib. Həmin şəxs yazır: "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin onlayn bilet satışı xidmətindən yararlanaraq iyulun 2-də Bakıdan Ağstafaya özümə və 3 nəfər ailə üzvümə bilet aldım. Kartımdan 38 manat 88 qəpik pul çıxıldı. Evdəkilərə də bildirdim ki, narahat olmayın, bileti internet vasitəsi ilə almışam, inşallah, axşam yola düşürük. Həmin gün qatarın yola düşməsinə 1 saat qalmış ailə üzvlərimlə birlikdə gəldim kassaya, ancaq bizə bildirdilər ki, həmin yerlər başqasına satılıb, siz almamısınız. İnanın, az qala dəli olmuşdum. Təsəvvür edin, 4 nəfərin bileti nəzərə alınmır, yerimiz başqalarına satılıb. Atamın ürəyi xəstədir, qorxumdan ona da deyə bilmirdim. Təsəvvür edin, biletimiz ola-ola bizi zorla başqa vaqona yerləşdirdilər, dedilər eybi yoxdur. Hərəmizi 1 vaqona saldılar, eyni vaqona da deyil. Soruşdum ki, kimə şikayət edim, hamısı dedi ki, bizlik deyil. Hətta işçilərdən biri qayıtdı ki, keçən dəfə 3-cü vaqon olmaya-olmaya ora bilet satılıbmış".

"Məsələ araşdırılacaq"

Müraciət edən vətəndaş bizdən bu problemi araşdırmağımızı xahiş edib: "Bu problemin səbəbi nədir, belə olanda vətəndaş nə etməlidir? Bunu birdəfəlik həll etmək olmazmı?".

Məsələ ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə müraciət etdik. Qurumun (012) 499 48 95 nöməli "qaynar xətt"indən problemlə bağlı bizə bildirdilər ki, sistemdə səhv olub: "Bu problem yəqin ki, sistemdə yaranan səhvlə əlaqədardır. Belə hallar çox olmur. Bəzən vətəndaş onlayn bilet alan zaman ödənişi edir, lakin sistemə düşmür. Yəni bu sistemdən qaynaqlanan bir problemdir. Belə hallarda vətəndaşın müraciəti əsasında bir həftə və ya on gün ərzində məsələ araşdırılır və onun kartından çıxılan pul yenidən həmin karta qaytarılır. Lakin siz bildirirsiniz ki, sözügedən 4 şəxs eyni yerdə deyil, başqa vaqonlarda yerlə təmin olunublar və onlara lazım olan ünvana gediblər. Demək olar ki, belə halla ilk dəfədir rastlaşırıq. Bildirək ki, bu halda gedişhaqqı vətəndaşın kartına qaytarılmayacaq, çünki artıq həmin qatarla Ağstafaya gediblər. Problemin yaranma səbəbi barədə ətraflı məlumata gəlincə, qeyd edək ki, bu məsələ ətraflı araşdırılacaq və sizə yazılı olaraq ətraflı cavab veriləcək".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top