“Emalatxanam olsaydı uşaqlara bu sənəti öyrədərdim”

Gəncə sakini İlqar Abdilovun 53 yaşı var. Əsl peşəsi aşbaz olsa da özü demişkən bir gecə yatıb-durub haqqında bəhs edəcəyimiz sənəti öyrənib. O, 12 ildi dekorativ əl işləri düzəltməklə məşğul olur.

Əvvəlcə xırda suvenirlər düzəltməyə başlayıb. Sonradan daha böyük ölçülü maketlər düzəldib və hazırladığı dekorativ əl işlərini ilk vaxtlar qohum və tanışlarına bağışlayıb. Qızı məktəbə getdikdən sonra əl işlərindən məktəbə də hədiyyə edib. İlqar usta qızının oxuduğu məktəblə yanaşı digər rayonların da məktəblərinə düzəltdiyi əl işlərindən hədiyyə edib. Bütün bunları təmannasız edən İlqar usta deyir ki, məktəblərə əl işlərini hədiyyə etməsinin səbəbi, bu sənətə marağı olan uşqaları üzə çıxartsın, onlara bu işlə məşğul olmaq stimul yaratsın. Orta məktəb şagirdi olan İlqar ustanın qızı Dinara da dekotariv əl işləri düzəldir və dəfələrlə müsabiqələrdə yer tuturaq fəxri fərmanlarla təltif olunub.

Gəncə ilə yanaşı Şəmkir, Goranboy, İmişli və digər rayonların məktəbləri ilə dostluq körpüsü quran İlqar usta və qızı Dinara həmin məktəblər tərəfindən dəfələrlə təşəkkürnamə ilə təltif olunublar. İlqar ustanın sözlərinə görə, böyük maketlərin hazırlanması üçün 8 aya yaxın vaxt tələb olunur. Bunun da demək olar 2 aya yaxını materialın toplanmasına sərf olunur. Materialları almaq üçün kifayət qədər maddi vəsaiti olmadığına görə onları toplamaq üçün çox vaxt sərf edir. Öz şəxsi emalatxanası olmadığına görə bütün bu əl işlərini evdə hazırlayır.

İlqar usta deyir ki, indiki maddi vəziyyəti ona emalatxana icarə götürməyə imkan vermir. Əgər kimsə ona belə bir şərait yaratsa bu sənəti qabiliyyəti və marağı olan uşaqlara təmnnasız öyrədə bilər.

İlqar usta həm də düzəltdiyi quş damları və yem qablarını məktəbin həyətində və səkidə olan ağaclara yerləşdirib. İl ərzində o yem qablarını evdə artıq qalan cörək qırıntıları ilə doldurur. Bu xeyirxah əməldə şagirdlər də ona dəstək olurlar.

Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top