5 ayda metrodan 97,5 milyon nəfər istifadə edib

Bu ilin yanvar-may ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 87,9 milyon ton yük daşınıb və 2016-cı ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artım müşahidə olunub. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildiri ki, yüklərin 3,6 faizi dəniz, 6,8 faizi dəmir yolu, 0,1 faizi hava, 61,6 faizi avtomobil nəqliyyatı, 27,9 faizi isə boru kəməri ilə daşınıb. Qeyri-neft yüklərinin həcmi 4,8 faiz artaraq 65,5 milyon ton təşkil edib.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınan yüklərin həcmi 0,2 faiz azalıb, daşınan yüklərin ümumi həcmində onların xüsusi çəkisi 79,9 faiz təşkil edib.

2017-ci ilin yanvar-may aylarında nəqliyyatçılar 768,2 milyon nəfərə və ya 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,1 faizi avtomobil nəqliyyatı, 12,7 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2017-ci ilin yanvar-may ayları ərzində 6 milyon ton yük, 1 milyon sərnişin daşınıb, 2016-cı ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 2,9 faiz, sərnişin daşınmasında isə 33,4 faiz artım müşahidə olunub.

Orta hesabla sutkada 360 vaqon yüklənib, 419 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 13,7 min ton, Qərb istiqaməti üzrə 5,2 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.

Dəniz nəqliyyatı ilə 2017-ci ilin yanvar-may aylarında daşınan yüklərin həcmi 3 milyon 185 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 47,7 faiz artıb. Yüklərin 47,9 faizini neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 4 milyon 368,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 4 milyon 186 min tonunu və ya 95,8 faizini tranzit yüklər təşkil edib. 2017-ci il iyun ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 122,8 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınan sərnişinlərin sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 22,7 faiz artaraq 8,1 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 54,2 milyon ton yük, 668,9 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 faiz və 1,9 faiz artım qeydə alınıb. Sərnişinlərin 96 faizi avtobus, 4 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,2 faiz, sərnişin dövriyyəsi isə 2 faiz artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 6,3 faiz artaraq 97,5 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 784,8 min və ya 25,2 faiz çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 8,1 faiz artaraq 63,7 min tona çatıb.

Magistral neft kəmərləri ilə 17 milyon 478,8 min ton neft nəql edilib. Nəqletmənin 78,3 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-may ayları ərzində bu kəmər vasitəsilə 13 milyon 684,5 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 2 milyon 685,5 min ton tranzit nefti də nəql edilib.

Magistral qaz kəmərləri ilə 9 milyard 778,5 milyon kub-metr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,5 faiz artım müşahidə olunub. Qazın nəqlinin 32,7 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 3 milyard 197,1 milyon kub-metr qaz ötürülüb.

2017-ci ilin yanvar-aprel aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 17 milyon 134,8 min ton, yük dövriyyəsi isə 3 milyard 524,8 milyon ton-km olub. Yüklərin 10 milyon 322,8 min tonu və ya 60,2 faizi avtomobil nəqliyyatı, 4 milyon 516,1 min tonu və ya 26,4 faizi dəmir yolu nəqliyyatı, 2 milyon 295,9 min tonu və ya 13,4 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınan yüklərin 19,7 faizini və ya 3 milyon 376,1 min tonunu tranzit yüklər təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top