"Antropogen amillər yenə də çox böyük risk altındadır"

"Ötən əsrin ortalarında Azərbaycanda florasında 4225 növ, onlardan 342-si ağac və kol bitkisi olduğu qeydiyyata alınıb. Bu gün ölkəmizin florasında olan 1146 növ ağac və kol bitkisi mövcuddur. Lakin bununla yanaşı təbiətimizdə nəsli kəsilməkdə olan ağac və kol bitkilərinin sayı kifayət qədər çoxdur. 1974-cü ildə ölkəmizdə olan həmin ağac və kol bitkilərinin sayı 20, 1984-cü ildə 24, 1989-cu ildə 40 növ olduğu göstərilib. Apardığımız tədqiqatlar göstərir ki, bu gün Azərbaycanda nadir ağacların, nəsli kəsilməkdə olan bitki və kolların sayı 188-dir. Bu, təxminən yarım əsri əhatə edən dövr ərzində dörd dəfədən çox artım deməkdir. Əlbəttə, bu çox böyük bir təhlükədir. Azərbaycan florasında "Qırmızı kitab"a düşən 300 növ bitki varsa bu, onların da yarıdan çoxunun nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalması deməkdir. Onların sırasına Hirkan şümşadı, dəmirağac, Azad ağacı, palıdın və vələsin bir neçə növü, ağcaqayın, gülçiçəklilər fəsiləsindən bir neçə bitki növü də daxildir". Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi Tofiq Məmmədov məlumat verib. Onun sözlərinə görə, 2005-ci ildən başlayaraq bitki örtüyünün qorunması, mühafizəsi ilə əlaqədar dövlət səviyyəsində bir sıra qərar və qanunlar qəbul olunub: "Lakin antropogen amillər yenə də çox böyük risk altındadır. Vaxtilə ölkə ərazisinin 11 faizini meşə fondu təşkil edirdi, indi yeni meşə fondları yaradılsa da, təbii meşə fondu azalaraq 8 faiz həddinə düşüb. Çox böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bunun başlıca səbəblərindən biri yeni kompleks və istirahət mərkəzlərinin xeyli bir qismi meşənin ortasında və ya yaşıllıqların məhv edilməsi hesabına tikilməsidir. Belə olanda həmin ərazilərdə kilometrlərlə ərazi antropogen amillərin təsiri altına düşür".

DİGƏR XƏBƏRLƏR

Top