"Qafqaz qartalı 2017" hərbi təlimləri güc nümayişidir

Tbilisi yaxınlığında keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təlimləri Cənubi Qafqazda yeni güc mərkəzinin yarandığını göstərir. "Yeniavaz.com"un sputnik-georgia.ru-ya istinadən verdiyi məlumata görə, bunu Qafqaz məsələləri üzrə hərbi ekspert Mamuka Areşidze deyib. Onun sözlərinə görə, üç ölkə arasında birgə hərbi təlimlər regionda təhlükəsizliyə və sabitliyə xidmət edir: "Azərbaycan, Gürcüstan və Türkiyə hərbi təlimləri bir tərəfdən üç qonşu ölkə arasındakı sıx hərbi tərəfdaşlıq əlaqələrinin olduğunu göstərir. Digər tərəfdən də bu hərbi təlimləri bölgədə güc nümayişi kimi dəyərləndirmək olar. Şübhəsiz ki, birgə hərbi təlimlər hərbi-strateji müttəfiqliyin nümayiş etdirilməsidir. Bu o deməkdir ki, hər üç ölkə beynəlxalq səviyyədə tanınan sərhədlərin dəyişdirilməsinin əleyhinədir. Bütün hallarda bu hərbi təlimlərin əhəmiyyətini yüksək qiymətləndirmək lazımdır".

Xatırladaq ki, iyunun 4-də Gürcüstanda başlayan üçtərəfli hərbi təlimlərdə onlarla əsgər, zabit və hərbi texnika iştirak edir. Sayca üçüncü olan bu hərbi təlimlərdən məqsəd üç ölkə xüsusi təyinatlıları arasında əməkdaşlığın daha da dərinləşdirilməsi və strateji əhəmiyyət daşıyan vəzifələrin öhdəsindən birgə gəlinməsidir.

DİGƏR XƏBƏRLƏR

Top