Havar Məmmədov: "Dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib"

Bakı Mühəndislik Universitetində 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib. Bayram tədbrində universitet kollektivi ilə yanaşı, millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, tarix elmləri doktoru Hikmət Babaoğlu da iştirak edib. Himnimizlə başlayan tədbirdə ümummilli liderimiz Heydər Əliyevlə əlaqəli sənədli film nümayiş etdirilib. Universitetin rektoru, professor Havar Məmmədov çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Qeyd edib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün də Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır".

Millət vəkili Hikmət Babaoğlu Prezident İlham Əliyevin son 100 illik tariximizdən danışarkən ifadə etdiyi "Azərbaycan xalqının dövlət qurmaq istedadı var" fikri ilə çıxışına başlayıb və elmi mühazirə ilə davam etdirib. Bildirib ki, 15 iyun tarixi bu fikrin bariz nümunəsidir: "Tariximizi ümumilikdə dərindən öyrənməliyik, amma 15 iyun kimi günləri daha dərindən öyrənməli və gələcək üçün nəticə çıxartmalıyıq".

Dünyada hal-hazırda informasiya imperializm siyasətinin aparıldığını xüsusi vurğulayan alim, gənclərimizdən tariximizdə dönüş yaradan günlərə sahib çıxmalarını, informasiya imperializminə qarşı milli şüura və milli birliyə yiyələnmələrini tövsiyyə edib. Bayram münasibətilə hər kəsi təbrik edib. Sonda universitetin pedoqoji fakültəsinin tələbəsi İmran İbişovun ifasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeir səsləndirilib.

DİGƏR XƏBƏRLƏR

Top