Yüzminlərlə tələbənin sevimli müəllimi də dövlətdən ev istəyir - "Oğlumun evində yaşayırıq"

Jurnalistika ilə azdan-çoxdan əlaqəsi olan insanların əksəriyyəti yəqin ki, onun adını eşidiblər. Akif Rüstəmov haqqında mən də başqalarından eşitmişəm. Çoxlarının yaddaşında sadə, səmimi, mehriban, xeyirxah insan kimi qalıb. Söhbət heç vaxt tələbələrindən təmənna güdməyən - Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti Akif Rüstəmovdan gedir...

Bəlli olduğu kimi, Milli Mətbuat Günündə jurnalistlər üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda tikilən ikinci bina istifadəyə veriləcək. Artıq bir çox redaksiyalar öz namizədlərini müəyyənləşdirib Prezident Administrasiyasına təqdim ediblər.

"Yeniavaz.com" xəbər verir ki, bugünlərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti Akif Rüstəmov da bununla bağlı sosial şəbəkədə müraciət edib. Akif Rüstəmovun müraciəti sosial şəbəkədə geniş müzakirələrə səbəb olub və əksər insanlar ona dəstəklərini ifadə ediblər.

"Düzü, mənim üçün çətin də olsa, belə qərara gəldim ki, bu dəfə deyim. Məni tanıyanlar yaxşı bilir ki, 50 ilə yaxındır Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində çalışıram. Bu illər ərzində minlərlə tələbənin həm jurnalist, həm də layiqli vətəndaş kimi formalaşmasında mənim də müəyyən zəhmətim var. 10 il dekan, 25 il dekan müavini kimi çalışsam da, indiyədək heç bir mükafata layiq görülməmişəm. Düzü, mənim heç vaxt buna iddiam da olmayıb. Ancaq bu gün söhbət özümün və övladlarımın yaşayış şəraitindən gedirsə, susmağı lazım bilmədim. Belə ki, hazırda 3 ailə - mən həyat yoldaşımla, qızım ailəsi ilə, ailəli böyük oğlumun mənzilində qərarlaşmışıq. Ümidliyəm",-deyə A. Rüstəmov müraciətində bildirib.

Nilüfər Bahar: "Akif müəllim, belə vəziyyətə düşməyinizin səbəbi həddindən artıq sadə olmağınızdır, məncə".

İbrahim Məsimoğlu: "Böyük milli jurnalist ordusunun yaradılmasında xüsusi əməyi olan Akif müəllimə biganə olmaq olmaz".

Elmira Əliyeva: "Hörmətli, Akif müəllim. Sizi tanıyanlar bilirlər ki, siz jurnalistika fakültəsinin yükünü çiyinlərində daşıyan insanlardan birisiniz. Siz həm tələbələriniz üçün nümunevi müəllim, həm də dostsunuz. Sizi sevməyən tələbə yoxdur. Bu hər müəllimə müyəssər olmur. Sizin belə çətin durumda yaşadığınızı yəqin nəzərə alarlar. Bu vaxtadək heç bir mükafata layiq görülməyən təmənnasız, dəyərli müəllimin evlə təmin olunmasını cox istəyirəm".

Tural İsmayılzadə: "Çox üzücüdür, ustad! Heyrətə gəlməmək olmur".

İbrahim Mehdi: "Akif müəllim fakültənin 10 il dekanı, 25 il dekan müavini olduğu illər ərzində fakültəni oxuyub bitirmiş tələbələr onun necə demokratik ruhlu, qayğıkeş insan olduğunun dəfələrlə şahidi olublar. Akif müəllim tək tələbələrə qarşı yox, həm də fakültənin ağsaqqal müəllimlərinə qarşı da həssas və qayğıkeş münasibət bəsləyib. Bu faktdır ki, Universitetin rektoru Akif müəllimə tapşırır ki, artıq yaşı keçmiş müəllimlər - Nəsir İmanquliyevlə Seyfulla Əliyevin işdən çıxmaları barədə ərizələrini al. O isə cavabında ''onlar mənim müəllimlərim olub, mən bunu edə bilmərəm'',-deyib özünün işdən azad olunması üçün ərizəsini rektora təqdim edib. Belə humanist, qayğıkeş, ömrünü cəmiyyət və xalq üçün vətənsevər kadrların yetişdirilməsinə sərf etməklə şərəfli pedaqoq ömrü yaşamış insanın bu gün mənzil şəraitinin anormallığı utancverici haldır. Başqa nə demək olar".

Şəhriyar İmanbəyli: "Akif müəllim, Siz mənim tanıdığım ən gözəl insanlardan biri və eyni zamanda super müəllimlərdənsiniz. Mənə bu ixtisası çox sevdirdiniz. Hətta açıq deyim ki, mənə ilk olaraq dəstək verib qəzetlərə yönləndirən elə siz oldunuz. Bunun üçün sizə hər zaman minnətdar olmuşam. Bəlkə də sırf o jestiniz bu gün mənim karyera həyatımdakı müəyyən qapıların açılmasına böyük təkan oldu. Sizin jurnalistika sahəsindəki çəkdiyiniz əziyyət yerdə qalmamalıdır! Allah sizdən razı olsun. Əziyyətlərinizi bizə halal edin. Hər zaman sevincli olasınız".

Ülviyyə Abbasova: "Müdrikcəsinə deyilmiş bir ifadə var: ömrünü xalqının mənəvi inkişafına və maariflənməsinə, fundamental elmi axtarışlara həsr etmiş vətənpərvər ziyalılar dünyanın bəzəyidir. Akif müəllim, siz də bax elə bu ziyalılardansız. Ümid edirəm ədalətli qərar verilər, cüzi də olsa zəhmətinizin bəhrəsini görərsiniz".

Ramin Hacızadə: "Qanunlar və reallıq bu qədər yaramazdır. Akif müəllimin əziyyətilə jurnalist, redaktor olanlara ev verilir. Amma onların ev qazanmasına səbəb olan ustadlar diqqətdən kənarda qalıb. Ümid edirəm ki, unudulmaz, sevimli müəllimimiz yaxın zamanlarda yeni mənzilinin müjdəsini də paylaşar bizimlə. Akif müəllim, bir də ki, sizin yaşamaq üçün eviniz olmasa da, minlərlə tələbənizin qəlbində özünüzə daimi ev qurmusunuz. Və Azərbaycanın hər rayonunda eviniz var kimi qəbul edin bunu. Sizinlə birgə sevinmək ümidilə".

Şəbnəm Salmanova: "Siz istəsəydiniz çox asanlıqla mənzil probleminizi yoluna qoyardınız. Amma Siz heç vaxt o müəllimlərdən olmadınız, tələbələrinizi sıxıb çətinə salaraq özünüzə rahat həyat seçmədiniz. Bütün tələbələriniz bunu bilir ki, Siz əsərlərdəki kimi əsl müəllim obrazınızı qoruyaraq bu adı uca tutdunuz. İnşallah, bu zəhmətiniz və fədakarlığınız layiqincə qiymətləndirilər".

Kəmalə Quliyeva: "Akif müəllim, sizi çox sevirik, inşallah, arzunuza çatarsınız".

Ayaz Musayev: "Dəyərli Akif müəllim, haqlısınız! Əgər 50 il universitetdə sizin kimi külüng vuran bir professor yaşadığı mənzildə yazı yazmağa yer tapmırsa, susmaq olmaz. Sussanız uduzacaqsınız. Biz belə bir zəmanədə yaşayırıq".

DİGƏR XƏBƏRLƏR

Top