Banklardakı əmanətlərin 76,6%-i xarici valyuta ilə cəlb olunub

Banklarda yerləşdirilən əmanətlərin 23,4%-i və ya 1 milyard 608,2 milyon manatı milli valyuta, 76,6%-i və ya 5 milyard 264,9 milyon manatı isə xarici valyuta ilə cəlb olunub. "Yeniavaz.com"un Mərkəzi Bankdan (MB) açıqlanan sonuncu statistik göstəricilərə istinadən apardığı hesablamalar göstərir ki, milli valyuta ilə cəlb olunan əmanətlərin orta faiz dərəcəsi 7%, xarici valyuta ilə cəlb olunan əmanətlərin orta faiz dərəcəsi isə 3,7% olub. Əmanətlərin 92,4%-i və ya 6 milyard 354,3 milyon manatı Bakı şəhərinin payına düşüb. Bakıdan sonra banklarda ən çox əmanət Abşeron, Aran və Gəncə-Qazax iqtisadi rayonlarından yerləşdirilib. Banklara ən az əmanət qoyan iqtisadi rayonlar isə Kəlbəcər-Laçın, Dağlıq Şirvan və Yuxarı Qarabağ olub. Əmanətlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Lənkəran və Abşeron iqtisadi rayonlarında qeydə alınıb. Bu rayonlarda orta faiz dərəcəsi müvafiq olaraq 6,2% və 6% olub. Ən aşağı faiz dərəcəsi isə Kəlbəcər-Laçın (2,2%) və Naxçıvan (2%) iqtisadi rayonlarında müşahidə olunub.

DİGƏR XƏBƏRLƏR

Top