Banklar indi də bu yolla pul qazanırlar

Azərbaycanda “Atabank” və “CDB Bank”ın birləşməsilə Əmanətlərin Sığortalanması Fonduna (ADIF) üzv olan bankların sayı 31-ə enib.

İqtisadçı Natiq Cəfərli bildirib ki, bankların birləşdirilməsi, hətta bağlanması bu il ərzində davam edəcək:

“Məsələ burasındadır ki, bankların birləşdirilməsi prosesi də çox şəffaf getmir, ictimaiyyətə geniş açıqlama verilmir. Bankların birləşdirilməsi təkcə aktivlərin deyil, həm də problemlərin birləşdirilməsidir”.

“Kredit faizləri aşağı salınmalıdır”

Mütəxəssis deyib ki, indiki halda bankların birləşdirilməsi labüddür:

“Əgər güclü bank sektorunun olmasını istəyiriksə, zəif və çürük bankların bağlanması qaçılmazdır. Sağlamlaşdırma prosesinin ilk etapı bağlanma və birləşmədir. İkinci və daha önəmli mərhələ bankların normal fəaliyyətə geri dönməsinin təmin edilməsidir. Məlum olduğu kimi banklar devalvasiyalardan sonra çox pis vəziyyətə düşüb, geri dönüşü olmayan kreditlərin həcmi kifayət qədər artıb, hətta bəzi banklarda yarıbayarıya çatıb. İndiki vəziyyətdə, bankların birləşdirilməsindən daha vacib məsələ, onların yenidən tam sürətdə fəaliyyətə başlaması, istehlak və biznes kreditlərinin bərpası, kredit faizlərinin aşağı salınması və bununla da iqtisadi canlanmaya töhfə vermələridir. İlkin mərhələdə birləşmə və qapadılma normal addım kimi qiymətləndirilə bilər. Amma bu, yetərli deyil. Ölkədə kredit faizləri aşağı salınmalıdır. Çünki faizlər yüksək oluqca əhalinin ödəmə qabiliyyəti də aşağı düşür və beləcə problemli kreditlərin də həcmi artır.

Banklar faizləri azaldaraq biznes və istehlak kreditləinin verilməsinə başlamalıdırlar. Hələlik bunun tez bir zamandabaş verəcəyini söyləmək çətindir”.

“Vətəndaş və banklar üz-üzə qalıb”

N.Cəfərlinin sözlərinə görə, nə Mərkəzi Bank, nə də hökumət bank sistemindəki problemlərlə bağlı addımlar atmaq niyyətində deyil:


“Baklarla müştərilər üzbəüz qalıb. On minlərlə iş məhkəmələrdədir. Bu isə çıxış yolu deyil. Bütün yükün vətəndaşın çiyinlərində qalması banklara xeyir verməyəcək. Vətəndaş o kreditləri ödəmək iqtidarında deyilsə,işin məhkəmələrə yönləndirilməsinin heç bir əhəmiyyəti yoxdur”.

“Bankların gəlir mənbəyi valyuta mübadiləsidir”

Ekspert eyni zamanda qeyd edib ki, bankların sayının neçə olmasnın iqtisadi və hüquqi əhəmiyyəti yoxdur:

“Lüksemburq Naxçıvan Muxtar Respublikası boydadır, amma 500-ə yaxın bank fəaliyyət göstərir. Nəticə etibarilə bankların sayının az və ya çox olması bank sektorundakı proseslərdən və dövriyyədə olan maliyyənin həcmindən asılıdır.

Əsas məsələ ayaqda duran bankların olmasıdır. Son aylarda bankların yeganə qazanc mənbəyi valyuta mübadiləsidir. Obrazlı desək, bankların hər biri böyük “exshange”ə çevilirb. Onlar az da olsa valyuta əməliyyatlarından pul qazanırlar. Digər sahələrdə isə axsamalar var”.modern.az

DİGƏR XƏBƏRLƏR

Top