Almaniya XİN: Qətər böhranı müharibəyə səbəb ola bilər

Qətər ətrafında yaranmış diplomatik böhran müharibəyə yol aça bilər. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel deyib. Onun sözlərinə görə, bu anlaşılmazlıq müharibəyə gətirib çıxara bilər, qardaş cəmiyyətlərin və qonşuların tuduqları mövqe dramatikdir. Nazir qeyd edib ki, məsələ ilə bağlı son günlər Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, İran və Küveytdən olan həmkarları ilə birbaşa görüşüb və ya telefonla əlaqə saxlayıb: “Bu görüşlər nəticəsində vəziyyətin çox ciddi olduğunu bilirəm, ancaq bunun öhdəsindən gəlmək üçün şansımız var. Bunun üçün qarşı tərəflərin görüşməsi qaçılmazdır”.

Xatırladaq ki, iyunun 5-dən etibarən Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Yəmən, Liviya müvəqqəti hökuməti, Maldiv adaları, Mavriki, Mavritaniya və Komor adaları Qətərlə diplomatik münasibətləri kəsdiklərini açıqlayıblar. Onlar rəsmi Dohanı terrorçuluq və ekstremizm ideologiyasını dəstəkləməkdə və ərəb ölkələrinin daxili işlərinə qarışmaqda ittiham edirlər. Seneqal, Niger və Çad Qətərdəki səfirliklərini geri çağırıb. Qabon isə ölkənin siyasətini pisləyib. İordaniya və Cibuti diplomatik nümayəndəliklərinin səviyyəsini azaltmaqla kifayətlənib.

DİGƏR XƏBƏRLƏR

Top