İşdən çıxarılan direktorun Təhsil Şöbəsi ilə savaşı: cinayət işi

İşdən çıxarılan məktəb direktoru ilə təhsil şöbəsi arasında məhkəmə çəkişməsi davam edir. Məktəb direktoru bəraət almaq istəyir, təhsil şöbəsi isə direktordan büdcəyə vurduğu zərəri ödəməsini istəyir.

2010-2011-ci illər ərzində Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə direktor işləyən 1956-cı il təvəllüdlü Sevinc Əliyeva Abşeron rayon Məhkəməsinin 2012-ci ildə barəsində çıxardığı hökmdən narazı qalaraq apellyasiya şikayəti verib.

S.Əliyeva Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək 3500 manat cərimə və 2 il müddətində dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrumetmə növündə cəzaya məhkum edilib.

Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edən direktor barəsində bəraət hökmünün çıxarılmasını istəyib. İş üzrə zərərcəkmiş hüquqi şəxs Abşeron rayon Təhsil şöbəsinin nümayəndəsi Bəşir Xanlarov tanınıb. B.Xanlarov Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin hazırki direktorudur. B.Xanlarov da apellyasiya şikayəti verərək hökmün ləğv edilib, vurulmuş ziyanın tam ödənilməsi və təqsirləndirilən şəxsə daha ciddi cəza təyin edilməsini istəyib. Tərəflərin şikayətinə hakim Fərmayıl Zeynallının sədrliyi ilə baxılıb.

Sabiq direktor S.Əliyeva hələ 2015-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək barəsində bəraət hökmünün çıxarılmasına nail olmuşdu. Amma bu qərardan dövlət ittihamçısı kassasiya protesti, zərərcəkmiş tərəf isə kassasiya şikayəti verib. Ali Məhkəmə kassasiya protestini və kassasiya şikayətini təmin edərək sabiq direktor barəsində bəraət hökmünü ləğv edib və işi yenidən apellyasiya baxışına təyin edib.

S.Əliyeva ona görə təqsirli bilinib ki, o, məktəb direktoru işləyərkən rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib, vəzifə saxtakarlığına yol verib, vəzifəsini icra edərkən təhsil işçiləri arasında qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən, qulluq mənafeyindən istifadə edib və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda talayaraq mənimsəyib.

Belə ki, ittihama görə S.Əliyeva rəhbərlik etdiyi məktəbdə 2010-2011-ci tədris ilində rus bölməsi üzrə 9-cu sinif şagirdlərinin sayı 34 nəfər göstərilsə də hesabatda şagirdlərin sayını 12 nəfər artırıb. Həmçinin həmin tədris ilində 9-cu sinif Azərbaycan bölməsində siniflərin sayı 9 olduğu halda hesabatda 10 sinif göstərərək şəxsi niyyətlə, yəni təhsil işciləri arasında üstünlük əldə etmək məqsədi ilə vəzifə saxtakarlığına yol verib.

Bundan əlavə S.Əliyeva bəzi siniflərdə şagirdləri qruplara bölərək, bəzi siniflərdə uşaq sayını artıraraq xarici dil, fiziki tərbiyə və əmək hazırlığı dərsləri artıraraq 1433 manat büdcə vəsaitini xərcləyib. S.Əliyeva 2010-cu il sentyabr ayının 15 günü üçün rayon təhsil şöbəsi tərəfindən ödənilmiş 1586 manat pulu da başqa şəxslər tərəfindən imzalayaraq mənimsəyib.

S.Əliyeva həmçinin işlədiyi dövrdə 7-ci siniflərdə 2 saat və 8-ci siniflərdə 10 saat öz adına fakultativ, fərdi və qrup məşğələləri yazdırmaqla 1320 manat pul vəsaitini də ələ keçirib. Sabiq direktorun vəkili apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılması və qiymətləndirilməsi zamanı prosessual hüquq normalarının pozulduğunu məhkəməyə bildirib.

Dövlət ittihamçısı isə çıxış edərək hər iki tərəfin vəsatətinin əsassız olduğunu deyib və təmin edilməməsini istəyib. Sabiq məktəb direktoru məhkəmədəki ifadəsində deyib ki, vəzifədə olduğu müddət ərzində nizam-intizamlı işçi kimi fəaliyyət göstərib, məktəbdə bir sıra yenidənqurma və quruculuq işləri görüb.

S.Əliyeva deyib ki, 2011-ci ilin iyun ayında xəstəxanada olarkən təhsil şöbəsinin müdiri ona teleqram vuraraq işdən azad edildiyini çatdırıb. Şöbə müdiri direktora vəzifəsini normal şəkildə yerinə yetirmədiyi üçün işdən azad edildiyini bildirib.

Direktor bu əmrlə razı olmadığı üçün cavabdeh şəxsin, yəni Təhsil Nazirliyinin yerləşdiyi ərazi üzrə Nərimanov rayon Məhkəməsinə müraciət edib. Nərimanov rayon Məhkəməsinin qərarı ilə direktor yenidən işinə bərpa edilib.

S.Əliyeva ifadəsində qeyd edib ki, sentyabrın 6-da məktəbə direktor təyin edildikdən sonra ilk tanışlığı şagirdlərin siyahısı, yəni siniflərin komplektləşdirilməsi olub. Təhsil şöbəsinin aparıcı inspektoru Y.Əhədovu məktəbə dəvət edib və sinif komplektlərini işləyiblər. Bundan sonra onun təşəbbüsü ilə beş sinif komplekti bağlanıb və rəsmiləşdirilib.

Abşeron rayon Təhsil şöbəsinin apardığı yoxlama zamanı tərtib edilmiş arayışda qeyd edilənlərin yalan olduğunu deyən direktor bildirib ki, arayış ona təqdim edildikdən sonra məktəbə gələrək müavinlərini arayışla tanış edib, onların iştirakı ilə bu məlumatların yalnış olduğu barədə akt tərtib ediblər.

"Məktəb üzrə rayonun Tibbi Psixoloji Komissiyasının rəyinə əsasən sağlamlıqlarının vəziyyətinə görə 28 nəfər şagird ev şəraitində təhsilə cəlb edilib. Onların təlim tərbiyəsi ilə 46 nəfər ixtisas müəllimi məşğul olub. 01 fevral 2011-ci il tarixli tarifləşmə siyahısı üzrə ev şəraitində təhsilə cəlb edilmiş şagirdlər üçün məktəb üzrə 303,5 saat dərs saatı müəyyənləşdirilib. 28 nəfər şagirdin 22 nəfəri Tibbi Psixoloji Komissiyasının rəyinə əsasən təhsilə cəlb edilib. Məktəb üzrə onların təhsilə cəlb edilməsi haqqında əmr verilməyib, yoxlamadan sonra əmr əlavə vərəqə yazılaraq əmr kitabına yapışdırılıb. Yoxlama aktında göstərilir ki, guya xəstə uşaqlar üçün tədris planı üzrə nəzərdə tutulan dərslərin keçirilməsi, sahəsində məktəb rəhbərliyi ciddi nöqsanlara yol verib. Amma 2010-cu ilin sentyabr və oktyabr aylarında 30 saatdan artıq dərs saatı üçün pul ödənilməsini təmin edərək həmin pulun mənimsənilməsi üçün şərait yaratmamışam. Tarifləşmə siyahısı üzrə həqiqətəndə ev şəraitində təhsilə cəlb edilmiş şagirdlər üçün məktəb üzrə 303,5 saat dərs saatı müəyyənləşdirilib. Bu məsələlər hamısı müvafiq əmrlərlə rəsmiləşib və məktəbdə saxlanılan əmrlərin qeydiyyatı kitabında əks edilib. Həmin əmrlərin sonradan geri tarixə ayrıca vərəqədə tərtib edilərək tikilməsi barədə göstərilənlər yalandır" - deyə sabiq direktor söyləyib. S.Əliyeva son sözündə barəsindəki ittihamların əsassız olduğunu bildirib.

Məhkəmə kollegiyası qərara gəlib ki, S.Əliyeva və vəkilinin irəli sürdüyü arqumentlər cinayət işi üzrə toplanmıs sübutlarla təkzib edilib. Cinayət işi materiallarında müəyyən edilib ki, xəstə uşaqlara dərs deyilməsi adı ilə ayrılan maaşlara başqa şəxslər imza çəkərək alıb.

Məhkəmə kollegiyası qeyd edib ki, ibtidai araşdırma zamanı sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməyib.

Məhkəmə S.Əliyevaya təyin edilmiş cəzanın sərtləşdirilməsi üçün əsaslar olmadığı qənaətinə də gəlib. Sumqayıt Apellyasiya Məhkəməsi yekun qərarında tərəflərin heç birinin apellyasiya şikayətinin təmin edilmədiyini açıqlayıb.musavat.com

DİGƏR XƏBƏRLƏR

Top