"Bir ömür uşaqla uşaq, böyük oldu" - Natiq Əliyevin dostları

"Natiq Əliyev 2013-cü ildən bu günə kimi Azərbaycan Respublikasının energetika naziri olub. Natiq ömrünün son gününə kimi ilk gün işlədiyi qədər məsuliyyətli və fədakar bir neftçi olub. Onunla vidalaşmaq olduqca ağırdır" .

Bu fikirləri müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib: "Onun gördüyü işlərin hamısı gözümün qarşısında olub. O, operatordan nazir vəzifəsinə kimi yüksəlib, O karyerasında yüksək zirvəyə çatdı. Həyatında hər şeyi dəyişdirdi, bir sadəliyi dəyişmədi. Bir ömür uşaqla uşaq, böyük oldu. Bilirsiz, bəşər sadəlik sevər. İnsan sadəliklə enməz, yüksələr. Onun sadəliyi Natiqin yüksəlişinə kömək elədi. Son günə kimi işlədi. Allah rəhmət eləsin!"

Xarici işlər nazirinin müavini Xələf Xələfov da mərhumla bağlı xatirələrini bölüşüb: "Natiq Əliyev böyük şəxsiyyət idi. Gözəl insan və yaxşı dost idi. Azərbaycanın inkişafına töhfə vermiş şəxsiyyət idi. Çox təəssüflənirəm. Böyük və ağır itkidir ölkəmiz üçün. Natiq çox xeyirxah, səmimi, dostsevər və işıqlı insan idi. Mənim şəxsi dostluq etdiyim dəyərli insan idi. İtkisinə çox ağrıyıram".

"LUKoil" neft şirkətinin prezidenti, azərbaycanlı neft maqnatı Vahid Ələkbərov da vida mərasiminə qatılanlar sırasında idi: "O, Azərbaycanın müasir müstəqillik tarixinə öz adını qızıl hərflərlə yazdı. O, ümummilli lider Heydər Əliyevin, prezident İlham Əliyevin etimadını və dəstəyini qazanmış görkəmli şəxsiyyət idi. Neft strategiyasının uğurlu inkişafında Natiq Əliyevin danılmaz xidmətləri var. Bundan başqa, energetika sahəsinin inkişafında da gördüyü işlər saymaqla bitməz".

Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov Natiq Əliyev kimi bir dostun onun yaddaşından heç vaxt silinməyəcəyini qeyd edib: "O, Azərbaycanın simvolu idi. O, sözün əsl mənasında enerji daşıyıcısı idi. Xeyirxahlıq, sevgi, yüksək intellektli şəxsiyyət idi. Natiq Əliyev kimi dost düşünürəm ki, bir də doğulmayacaq. Onun xidmətlərini dövlət və hökumət daim dəyərləndirib. Bir dost kimi isə onu deyə bilərəm ki, bütün həyatını sevərəkdən xalqa həsr etmişdi".

Şoumen Murad Dadaşov da Natiq Əliyev haqqında ürək sözlərini dilə gətirib: "Çox sadə, çox əlçatan dost idi. Natiq Əliyevin vəzifəsindən və statusundan asılı olmayaraq, özünə yaraşan alicənablığı vardı. Baxmayaraq ki, böyük nüfuz sahibi idi, bu nüfuzunu ünsiyyəti ilə daha da sevdirə bilmişdi. Çox həyatsevər idi Natiq müəllim. Sevilən insan idi. Dövlət məmuru idi, amma o qədər sərbəst münasibət qurmuşdu televiziya işçiləri ilə. İstədiyimiz adam idi, əlçatandı. Allah yerini behişt eləsin!"

Teleaparıcı Hacı Nuran Natiq Əliyevlə tanışlığından, onunla ilk müsahibəsindən söz açıb: "1997-ci ildən tanıyırdım. Neftlə bağlı məqalələrim və müsahibələrim onunla həmişə maraqlı olardı. Müsahibəyə açıq idi. Jurnalistlər münasibətə həmişə diqqət yetirərdi. Gözəl insandı. Ölümünə acıyıram".

Allah rəhmət eləsin!

apa

DİGƏR XƏBƏRLƏR

Top