
Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen Fransa ilə daha sıx əməkdaşlığın lehinə çıxış edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, nazir, o cümlədən Fransa ilə hərbi ittifaqın yaradılmasının tərəfdarı olduğunu bəyan edib. O bildirib: “Brexit” üzrə referendum və Amerikadakı seçkilər gözlərimizi açdı. Biz avropalılar təhlükəsizliyimizi öz əllərimizə almalıyıq. Müdafiə Fondundan Avropa dronlarını birgə maliyyələşdirə bilərik. Biz, həmçinin Almaniya və Fransa arasında hava əlaqəsini yaxşılaşdıra və digər ölkələri cəlb edə bilərik. Zabitlərin ümumavropa hazırlığı daha bir layihə ola bilər”.
Xatırladaq ki, daha əvvəl Almaniya Kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron öz ölkələrinin müdafiə və maliyyə nazirliklərinə iyulun 13-dək Müdafiə Fondunun qurulması üzrə təşəbbüsü hazırlamağı tapşırıb. Həmin tarixdə iki dövlətin nazirlər şurası keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz