“Barselona”nın formasını geyinmək qadağan edildi

Qətər ilə diplomatik əlaqələrini kəsən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Körfəzdə baş verən siyasi böhranla əlaqədar maraqlı addım atıb. “Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, Qətərin qonşularından biri olan BƏƏ “Barselona” komandasının üzərində “Qatar Airways” yazısının olduğu formalarının geyinilməsini qadağan edib. BƏƏ-də “Barselona”nın bu cür formasını geyinənlər 15 il həbs edilə və ya 135 min dollar məbləğində cərimələnə bilər.

Qeyd edək ki, “Barselona” komandası və Qətər Hava Yolları arasında sponsorluq müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq. Kataloniya təmsilçisi həmin tarixdən etibarən formasında Yaponiyanın elektron ticarət firması “Rakuten”un reklamını daşıyacaq. BƏƏ bu həftə sosial mediada Qətərə dəstək paylaşımları edənlərin həbs edilə və ya cərimələnəcəyini bəyan etmişdi. Bundan başqa, BƏƏ bu ölkə üçün hava məkanını bağlayıb, “Qatar Airways”in ölkəyə edəcəyi bütün uçuşları qadağan edib.

Xatırladaq ki, iyunun 5-dən etibarən Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Yəmən, Liviya müvəqqəti hökuməti, Maldiv adaları, Mavriki, Mavritaniya və Komor adaları Qətərlə diplomatik münasibətləri kəsdiklərini açıqlayıblar. Onlar rəsmi Dohanı terrorçuluq və ekstremizm ideologiyasını dəstəkləməkdə və ərəb ölkələrinin daxili işlərinə qarışmaqda ittiham edirlər. Seneqal, Niger və Çad Qətərdəki səfirliklərini geri çağırıb. Qabon isə ölkənin siyasətini pisləyib. İordaniya və Cibuti diplomatik nümayəndəliklərinin səviyyəsini azaltmaqla kifayətlənib.

DİGƏR XƏBƏRLƏR

Top