Pambıq lifinin ixracı 8 dəfə artıb

Əvvəlki aylarda olduğu kimi 2017-ci ilin yanvar-may aylarında da Azərbaycandan xarici ölkələrə ən çox xam neft ixrac olunub. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, hesabat dövrü ərzində xarici ölkələrə 3 milyard 230,1 milyon dollar dəyərində 8,1 milyon ton xam neft göndərilib ki, bu da ümumi ixracın 72,6%-ni təşkil edib. Qeyd edək ki, 2016-cı ilin yanvar-may ayları ilə müqayisədə xam neftin ixracı dəyər ifadəsində 35,4% artıb, miqdar ifadəsində isə 9,4% azalıb.

Xam neftdən sonra xarici ölkələrə ən çox təbii qaz satılıb. İxrac olunan təbii qazın dəyəri isə 515,1 milyon dollar təşkil edib. 2016-cı ilin yanvar-may ayları ilə müqayisədə təbii qazın ixracı dəyər ifadəsində 6,1, miqdar ifadəsində isə 4,8 dəfə artıb. Təbii qazla bərabər xarici ölkələrə neft məhsulları da ixrac edilib ki, onu da dəyəri 133,6 milyon dollara bərabər olub. Təbii qazdan fərqli olaraq neft məhsullarının ixracı azalıb. 2016-cı ilin ilk 5 ayı ilə müqayisdə neft məhsullarının ixracı dəyər ifadəsində 14,5%, miqdar ifadəsində isə 2 dəfədən çox azalıb.

İxrac olunan məhsulların sıralamasında xam neft, neft məhsulları və qazdan sonra meyvə-tərəvəz, alüminium və ondan hazırlanan məmulatlar, plastmassa və onlardan hazırlanan məmulatlar, qara metallar və onlardan məmulatlar, şəkər, kimya sinayesi məhsulları, elektrik enerjisi, həmçinin pambıq iplik gəlir. 2017-ci ilin ilk 5 ayı ərzində xarici ölkələrə 153,8 milyon dollar dəyərində meyvə-tərəvəz, 48,1 milyon dollar dəyərində alüminium və ondan hazırlanan məmulatlar, 52,2 milyon dollar dəyərində plastmassa və onlardan hazırlanan məmulatlar, 29,8 milyon dollar dəyərində qara metallar və onlardan məmulatlar, 21 milyon dollarlıq şəkər, 21,2 milyon dollarlıq kimya sinayesi məhsulları, 16,8 milyon dollarlıq elektrik enerjisi, 6,6 milyon dollarlıq pambıq iplik satılıb.

Onu da qeyd edək ki, bu il pampıq ipliklə bərabər pambıq lifi də əsas ixrac məhsulları arasına daxil olub. Bu ilin ilk 5 ayı ərzində xarici ölkələrə 22,8 milyon dollar dəyərində pambıq lifi ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8 dəfə çox olub.

Rəqəmlərdən də göründüyü kimi, 2016-cı ilin analoji dövrü ilə müqayisədə ixrac məhsulları arasında ən çox artım pambıq lifində, təbii qazada və elektrik enerjisində qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top