Səudiyyəli nazir Qətər böhranının OPEK-in sazişinə təsirindən danışıb

Qətər ətrafındakı diplomatik böhran OPEK-in neft hasilatının azaldılması haqqında sazişini yerinə yetirilməsinə təsir etməyəcək. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Faleh deyib. Onun sözlərinə görə, neft hasilatının azaldılması haqqında saziş yaxın həftələr və ya aylar ərzində öz nəticələrini verəcək”.

Qeyd edək ki, OPEK-in üzvü olan Qətər hasilatın azaldılması haqqında sazişdə iştirak edir. Qətər saziş çərçivəsində neft hasilatını oktyabrdakı səviyyə üzrə sutkada 30 min barel azaltmaq öhdəliyini üzərinə götürüb. Həmin vaxt Qətərin hasilatı 646 min barel təşkil edib. Vyana sazişinin iştirakçı ölkələri hasilatın azaldılması haqqında müqaviləni 2018-ci ilin aprelinədək uzadıb.

Xatırladaq ki, iyunun 5-dən etibarən Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Yəmən, Liviya müvəqqəti hökuməti, Maldiv adaları, Mavriki, Mavritaniya və Komor adaları Qətərlə diplomatik münasibətləri kəsdiklərini açıqlayıblar. İordaniya və Cibuti diplomatik nümayəndəliklərinin səviyyəsini azaldıblar. Seneqal və Çad Qətərdən səfirlərini geri çağırıblar. Onlar rəsmi Dohanı terrorçuluq və ekstremizm ideologiyasını dəstəkləməkdə və ərəb ölkələrinin daxili işlərinə qarışmaqda ittiham edirlər.

DİGƏR XƏBƏRLƏR

Top