Baş nazirin hansı partiya ilə koalisiya quracağı məlum oldu

Böyük Britaniyanın Mühafizəkar Partiyası Şimali İrlandiyanın Demokratik Birlikçi Partiyasının (DUP) dəstəyi ilə hökumət formalaşdıracaq. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Baş naziri Tereza Mey Kraliça II Elizabet ilə görüşdən sonra deyib. Baş nazir bildirib ki, ölkəyə heç vaxt olmadığı qədər müəyyənlik lazımdır: “Aydındır ki, yalnız Mühafizəkar və Birlikçi partiyalarının bu müəyyənliyi İcmalar Palatasında çoxluqla təmin etməyə qanuni imkanı var. Partiyalarımız son uzun illər ərzində möhkəm əməkdaşlıq qurublar, bu da mənə bütün Birləşmiş Krallığın maraqları naminə birlikdə işi davam etdirmək əminliyi verir”.

T. Mey qeyd edib ki, DUP ilə birləşmə “Brexit” üzrə sövdələşməyə doğru yaxşı şərtlər əsasında birlikdə irəliləməyə imkan verəcək: “Bu, ölkədə hamının faydasına olacaq, Aİ ilə ilə yeni tərəfdaşlıq münasibətlərinə zəmanət verəcək və uzunmüddətli çiçəklənməni təmin edəcək”. O əlavə edib ki, Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxması barədə danışıqlar planlaşdırılıdığı kimi iyunun 19-da başlayacaq.

Qeyd edək ki, ilkin məlumata görə, iyunun 8-də Britaniyada keçirilmiş parlament seçkilərində hakim Mühafizəkar Partiyası İcmalar Palatasında 318, leyboristlər 261, liberal-demokratlar 12, şotland millətçilər 35, DUP isə 10 yer alacaq. Britaniya parlamentinin aşağı palatasında cəmi 650 yer mövcuddur, çoxluğu qazanmaq üçün partiyalardan biri 326 yer qazanmalıdır. İcmalar Palatasının əvvəlki tərkibində mühafizəkarların 330 yeri olub.

DİGƏR XƏBƏRLƏR

Top