Qətəri dəstəkləyənlər həbs ediləcək və cərimələnəcək

Bəhreyndə Qətərə yazılı, şifahi və ya digər formada dəstək verməklə məlumat paylaşan şəxs cərimə olunacaq və ya 5 il müddətinə həbs ediləcək. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Bəhreyn Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də analoji addım atıb. Belə ki, bu ölkədə Qətərə dəstək açıqlamalarına görə 3-15 il müddətinə azadlıqdan məhrum olmaq və azı 136 min dollar cərimələnmək mümkündür. Səudiyyə Ərəbistanı isə ölkədəki bütün otel və mehmanxanalara tapşırıq verib ki, peyk vasitəsilə yayımlanan Qətərin “Əl-Cəzirə” televiziyasına aid bütün telekanallar silinsin. Kanalı ləğv etməyən turizm obyektlərini təqribən 26 min dollar cərimə və lisenziyaların geri alınması gözləyir. Otel və mehmanxanalarda yalnız ölkənin rəsmi telekanalları, eləcə də din və əxlaqa qarşı olmayan telekanallar yayımlanmalıdır.

Xatırladaq ki, iyunun 5-dən etibarən Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Yəmən, Liviya müvəqqəti hökuməti, Maldiv adaları, Mavriki, Mavritaniya və Komor adaları Qətərlə diplomatik münasibətləri kəsdiklərini açıqlayıblar. İordaniya və Cibuti diplomatik nümayəndəliklərinin səviyyəsini azaldıblar. Seneqal və Çad Qətərdən səfirlərini geri çağırıblar. Onlar rəsmi Dohanı terrorçuluq və ekstremizm ideologiyasını dəstəkləməkdə və ərəb ölkələrinin daxili işlərinə qarışmaqda ittiham edirlər.

DİGƏR XƏBƏRLƏR

Top