5 aydır "Rabitə və Yüksək Texnologiyalar"ın qarşısına "Nəqliyyat" sözü əlavə edə bilmirlər - FOTOLAR

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2017-ci il tarixli sərəncamına əsasən Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. "Yeniavaz.com" xəbər verir ki, yeni nazirliyin yaradılmasından 5 aya yaxın vaxt keşsə də hələ də bəzi rəsmi sənədlərdə qurumun adı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olaraq qeyd olunur. Hətta Nazirliyə məxsus rəsmi veb-saytda - "www.mincom.gov.az"da belə yeni nazirliyin adı qeyd olunmur.

Məlumat üçün bildirək ki, mətbuatda bu məsələ əvvəllər də bir neçə dəfə qaldırılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə məsələyə münasibət bildirərək mətbuatın iradını yersiz hesab edib. Nazirliyin açıqlamasında qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 fevral 2017-ci il tarixində Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə bağlı Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində Təftiş Komissiyası işini davam etdirir. Hazırda iki nazirliyin birləşmə prosesi aparılır. Yeni yaradılan nazirliyin Əsasnaməsi və Strukturu təsdiq edildikdən sonra nazirliyin yeni yaradılan saytı və domen ünvanı da zəruri dəyişikliklər edilərək ictimaiyyətə təqdim olunacaq.

Halbuki mətbuatın irad bildirdiyi məsələ, nə yeni yaradılan nazirliyin Əsasnaməsi və Strukturunun təsdiq edilməsi, nə də yeni yaradılacaq sayt və domen ünvanı ilə bağlı deyil. Mətbuat sadəcə olaraq irad bildirir ki, ölkənin rabitə və texnologiya sahəsinə nəzarət edən qurum üçün 5 ay ərzində "Rabitə və Yüksək Texnologiyalar Nazirliyi" adının qarşısına "Nəqliyyat" sözünü əlavə etmək bu qədərmi çətindir?

DİGƏR XƏBƏRLƏR

Top