Rəsmi Doha: Türk əsgəri regionun təhlükəsizliyini təmin etmək üçün Qətərə gəlir

Türk əsgəri bütün regionun təhlükəsizliyini təmin etmək üçün Qətərə gəlir. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl-Tani deyib. O bildirib ki, Qətər uğurlu və mütərəqqi dövlət olduğuna görə digər ölkələr onu təcrid etməyə çalışır. Nazir ölkədə qida çatışmazlığı məsələsinə görə narahat olmadığını vurğulayıb: “Bu cür mütəmadi yaşaya bilərik. Müstəqilliyimiz məsələsində qətiyyən güzəştə getməyəcəyik”.

Əl Tani ərəb dövlətləri ilə böhranın həllinin hərbi ssenarisini istisna edib: “Bu problemin heç vaxt hərbi həll yolu olmayacaq”. O əlavə edib ki, əlaqələrin bərpa edilməsi üçün digər ölkələrdən aydın şəkildə tələblər alınmayıb “Körfəz zonasında münaqişə bütün regionun sabitliyinə təhdiddir. Qətər ordusunda hər hansısa dəyişiklik edilməyib və ordu hansısa bölgəyə yerləşdirilməyib”.

Xatırladaq ki, iyunun 5-dən etibarən Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Yəmən, Liviya müvəqqəti hökuməti, Maldiv adaları, Mavriki, Mavritaniya və Komor adaları Qətərlə diplomatik münasibətləri kəsdiklərini açıqlayıblar. İordaniya və Cibuti diplomatik nümayəndəliklərinin səviyyəsini azaldıblar. Seneqal və Çad Qətərdən səfirlərini geri çağırıblar. Onlar rəsmi Dohanı terrorçuluq və ekstremizm ideologiyasını dəstəkləməkdə və ərəb ölkələrinin daxili işlərinə qarışmaqda ittiham edirlər.

Qeyd edək ki, iyunun 7-də Türkiyə parlamenti türk hərbçilərinin Qətərdə bazada yerləşdirilməsinə imkan verən qanunu qəbul edib. Qətərdə türk hərbi bazasının yaradılması 2014-cü ildə tərəflərin imzaladığı ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsu haqqında sazişlə nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top