"Son günlər terror aktlarının sayı artıb, coğrafiyası da əvvəlkindən fərqli tərəflərə genişləyib. İngiltərə, Fransa, İran, Əfqanistan, Ukrayna". "Yeniavaz.com" xəbər verir ki, bu fikirləri tanınmış ekspert Ələsgər Əhmədoğlu bildirib.
"22 mayda 19 nəfərin öldüyü və 60 nəfərin yaralandığı Mançester Arenadakı terror hadisəsi Britaniyada son 12 ilin ən böyük terror hadisəsi oldu. Ardınca 4 iyun gecəsi Londonda bir-birinin ardınca bir neçə terror aktı baş verdi. 10 nəfərin öldüyü (3-ü terrorist olduğu ehtimal edildi) 40-dan çox insanın yaralandığı silsilə terror hadisələrində Britaniyalıların terrorla yaxından tanış olacaqları şübhəsi qalmadı.
Mayın son günü dünyanı Əfqanıstanı səfirliklərin yaxınlığında baş verən vahiməli bombalı terror hadisəsi silkələdi. Yüzə yaxın insanın öldüyü, 350 nəfərdən çox insanın yaralandığı (o cümlədən Almaniya səfirliyinin əməkdaşları) həmin akt ən qanlı aktlardan biri oldu.
6 iyun Fransanın paytaxtı Parisdə terror həyəcanı verildi və Notre Dame Katedralinda terror hucumu olduğu bildirildi. Bir neçə nəfərin yaralandığı hadisəni polis terror aktı kimi qiymətləndirdi.
7 iyunda bu dəfə qonşuluqda, Tehranda rejim üçün çox önəmli simvolik dəyəri olan Xomeyni movzeleyinə və İran parlamentinə terror hücumları baş verdi.
Verilən məlumatlara görə, 12-dən çox insanın həyatını itirdiyi, 40-dan çoxunun yaralandığı həmin akt İranda İŞİD-ın ilk terror aktı oldu.
Bu gecə Ukraynanın paytaxtı Kiyevdə ABŞ səfirliyinə bomba atıldı. Yaxşı ki, itki olmadı...
Yaxın 2 həftədə bu hadisələrin xronikasını xatırlatmaqdakı məqsədim diqqəti başqa bir məqama çəkməkdir.
Terrorun baş verməsindəki ən ciddi amillərdən biri, dövlətlərin vahid terror anlayışı üzərində razılaşmamalarıdır. Xüsusilə bəzi qeyri demokratik rejimlər bəzən onların ideologiyasını mənimsəyərək, sevmədikləri ölkələrdə terror törədənləri aşkar olmasa da bəsləyir, maddi və mənəvi dəstək verir, silahla təmin edirlər".
Ekspertin fikrincə, bu yanaşma tək demokratik olmayan rejimlərlə məhdudlaşmır: "Xüsusilə, Avropa Birliyinin bəzi ölkələri özlərində terror törətməyən, lakin başqa yerlərdə silahla qan tökən qruplara terrorist yox, gerilla deyərək, onlara yaşama, fəaliyyət göstərmə, hətta maliyyə və silah təmin etmə şansı verir.
Bir çoxumuzun müxtəlif rəsmi səfərlər zamanı getdiyimiz Strasburqda Avropa Şurasının qarşısında illərdir PKK-nın qurduğu kampı yəqin ki, hər birimiz müşahidə etmişik. Digər Avropa ölkəsi kimi AB-nin paytaxtı olan Brüssel də xüsusilə PKK terrorçularını açıq himayə etməkdə, Türkiyədə yüzlərlə qanlı terror törədən və minlərlə insanın ölümünə səbəb olan bir örgütə terror örgütü deməməkdə, Türkiyədə qanlı cinayət törədənləri illərlə himayə etməkdədir. Bənzər bir yanaşma ABŞ-ın PKK-nın Suriyada yerləşən və özünü PYD adlandıran qrupa açıq silah dəstəyi verməsidir. Rəsmi Ankaranın təkidlə qarşı çıxması ABŞ-ın bu qruplara silah verməsini önləyə bilmir. Həmin silahların əksəriyyətinin yəqin ki, yaxın gələcəkdə Türkiyənin cənubi şərq bölgəsində və hətta qərbində türk xalqına yönələcəyinin şahidi olacağıq".
"Ən ciddi problem terrorun adının qoyulmasındadır. Avropa, ABD, İran artıq onların da ərazisində qanlı aktlar törədən İŞİD-a terrorist deyərək, onunla mübarizəyə hər kəsi səsləyir. Lakin, digər xalqlara zərər verən lokal terrorizmi zaman-zaman dəstəkləməyə də davam edir.
Nə qədər ki, bütün illeqal silahlı birləşmələr terrorist adlandırılmayacaq, bəziləri "gerilla", bəziləri "qurtuluş hərəkatı", bəziləri "xilas qrupu" adlandırılacaq, bu qanlı aksiyalar hələ çox can alacaq. Təəssüf ki, bu qanlı hadisələr Kabildə, Ankarada, İstanbulda, Bağdadda, Hələbdə və s. 3-cü dünya şəhərlərində baş verirsə, qərb üçün sadəcə xırda xəbərdən ibarətdir. Nə zaman ki, Londonda, Parisdə, Nyuyorkda, Vaşinqtonda, Moskvada baş verirsə, dünyanın birgə mübarizə aparmalı olduğu beynəlxalq terrordur.
İkili standartla terrorla mübarizə mümkün deyil. Bu nə zaman anlaşılsa, terror həqiqətən bitər".