
Mingəçevir kəndi Sahil küçəsinin sakinləri "Yeniavaz.com" saytına müraciət ediblər. Onlar Kür çayının günü-gündən məişət tullantıları ilə çirkləndiyini bildiriblər. Həmin ərazidə olduq. Bu çirklənməni yaradan isə elə həmin kəndin digər sakinləridir. Onlar məişət tullantılarını yığaraq Kürə atırlar. Yaşıllaşdırma İdarəsindən aldığımız məlumata görə, kəndə hər gün zibilyığan gəlir. Siqnal vasitəsi ilə xəbər verilir və əhalinin zibilləri yığılır. Lakin sakinlər səhlənkarlıq edib zibili maşına atmırlar. Nəticə göz qabağındadır. Çirklənmiş sudan isə insanlar istifadə edir, xəstəliklərin mənbəyi də elə buradan başlayır desək, yanılmarıq. Kənd sakinlərindən Xəzri Süleymanov, Rəşid Süleymanov bildirdilər ki, yaşadığımız "Sahil" küçəsində uşaqların oynaması üçün yer yoxdur: "Kənd sakini Əhmədov İntiqam adlı şəxs mühafizə zolağını qeyri-qanuni olaraq hasara alıb. Biz burada yaşamağımıza baxmayaraq, həyətdən kənara çıxıb istirahət edə bilmirik. Nə oturacaq quraşdırılmayıb, nə də uşaqlarımızın oynamağa yerləri yoxdur. Öz gücümüzə yolumuza qum-çınqıl tökmüşük. Kəndin sakinləri də məişət tullantılarını gətirib bu əraziyə tökürlər. Biz dəfələrlə burada növbə ilə dayanıb zibil tökənlərə öz idarımızı bildirmişik. Amma heç bir nəticə əldə edə bilmirik. Bununla bağlı aidiyyəti qurumlara müraciət etmişik. Amma heç cürə bu problemdən qurtula bilmirik. Həyətdə ifunət iyindən otura bilmirik".
Mingəçevir Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktoru Əbül Ağayev "Yeniavaz.com" saytına bildirdi ki, çirklənmiş suda vəba, bağarsaq çöpləri və digər infeksion xəstəliklər ola bilər: "Tərəfimizdən vətəndaşların sağlamlığının qorunması, yolxucu xəstəliklərin qarşısının alınması və çimərlik ərazilərində antisanitariya şəraitinin aradan qaldırılması istiqamətində tədbirlər mütəmadi olaraq görülür. Təəssüflər olsun ki, əhali özü təmizliyə riayət etmir, məişət tullantılarını Kürə atırlar. Dəfələrlə onlar cərimə olunsalar da, qayda qanuna diqqət etmirlər".
Esmira Hidayətova, Mingəçevir

Tətbiqimizi yükləyə bilərsiniz