Dövlət Əmək Müfəttişliyinə ittiham...

"Hər bir əmək mübahisəsini məhkəmə həll edəcəksə, bu qurumun müfəttişləri nədən əmək haqqı alır? Əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirməli olan 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində "işçinin ərizəsinə baxıldqdan sonra" ona ünvanlanmış məktubunda, məhkəməyə müraciət etmək məsləhət görülür". "Yeniavaz.com" xəbər verir ki, bu barədə hüquqşünas Azər Quliyev məlumat verib. Onun sözlərinə görə, həmin qurumdan işçiyə verilmiş cavab belədir: "Təhsil İdarəsi tərəfindən təqdim edilmiş sənədlər ilə sizin ərizənizə əlavə etdiyiniz sənədlər arasında uyğunsuzluq müəyyən edilmişdir. Belə ki, tərəfinizdən təqdim edilmiş əmək müqavilənizə xitam verilməsi barədə Təhsil İdarəsinin əmrinin surəti ilə Təhsil İdarəsi tərəfindən təqdim edilmiş eyni əmrin tarixləri arasında, eləcə də orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin iclas protokolundan çıxarışının surətlərinin qərar hissəsində uyğunsuzluq mövcuddur ki, bu kimi mübahisəli məsələlər isə Əmək Məcəlləsinə əsasən məhkəmə yolu ilə həll edilir".

Hüquqşünas "harda qaldı sizin məcburi göstərişiniz, qərar və ya protokolunuz?" deyə sual edib.

"İşdən qanunsuz azad edilmələrlə bağlı müraciətlər əsasında tədbirlər görülür"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi isə "Yeniavaz.com" saytına bildirilib ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlərin bir istiqaməti də əmək haqqı və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının aradan qaldırılmasına yönəlib: "Bu sahədə görülən tədbirlər nəticəsində cari ilin yanvar-may aylarında işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 69,4 min manat məbləğində vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub. Həmin vəsaitin 65 min 630 manatı (94,6 faiz) gecikdirilmiş əmək haqlarından, 2500 manatı (3,6 faiz) işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan sosial müavinətlər və kompensasiyalardan ibarət olub. Qalan hissəsini isə zərərə görə ödənclər təşkil edib. Ayrı-ayrı vətəndaşların işdən qeyri-qanuni şəkildə azad edilmələri ilə bağlı müraciətləri əsasında da müvafiq tədbirlər görülüb. İşindən qeyri-qanuni azad edildiyi müəyyən olunan bir sıra şəxslər yenidən əvvəlki işlərinə bərpa etdiriliblər".

"Cari ilin ötən dövründə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər arasında əmək qanunvericiliyində əksini tapan normalar, əməyin mühafizəsi ilə bağlı norma və standartlar barədə məlumatlandırma işləri, habelə əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair orta ümumtəhsil məktəblərində maarifləndirmə tədbirləri də davam etdirilib",-deyə nazirliyin açıqlamasında qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top