Gürcüstanın Avropaya inteqrasiyası çərçivəsində vizasız gediş-gəlişin həyata keçirilməsi artıq öz nəticəsini verməyə başlayıb. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, bu barədə Georcian Airvvays aviakompaniyası tərəfindən Tbilisi-London-Tbilisi reyslərinin başlaması ilə bağlı keçirilən mərasimdə baş nazir Georgi Kvirikaşvili deyib: " Gürcüstanın Avropa Birliyi ilə inteqrasiyası özünün hava uçuşlarının sayının artmasında da göstərməkdədir. Əgər ötən il Gürcüstandan birbaşa Avropanın 7 ölkəsinə hava uçuşları həyata keçirilirdisə, bu il onların 21 istiqamət üzrə sayı 13-ə çatıb".
Kvirikaşvili hava uçuşlarının sayının artırılmasının ölkəyə turist axınına təkan verdiyini də xüsusi qeyd edib. Onun sözlərinə görə, bu ilin ilk 6 ayı ərzində ötən ilin analoji dövrü ilə müqayisədə sərnişin daşımaları 47 faiz artıb: "Bu ilin sonuna kimi Gürcüstanın hava yolları vasitəsi ilə 3 milyon nəfərdən artıq sərnişin daşınacağına ümid edirik. Belə ki, Gürcüstanın infrastrukturu hər il yaxşılaşır və bu da ölkəmizə daha çox turist axınına təkan verməkdədir".