"Oxucularımın qapısından söz keçirməklə məşğulam"- Yazarlar futbola baxırmı? - SORĞU

Hər insanın bir əyləncə növü mütləq var. Məsələn, futbol, tennis oynamaq, kitab oxumaq və s. Futbola olan maraq isə daha çoxdur. Bəs yazıçılarımız, qələm əhli futbolla maraqlanır, azarkeşlik edirlərmi? Onların "Yeniavaz.com"a cavablarını təqdim edirik.

Şair Zahid Sarıtorpaq: "Uzun illər futbol azarkeşi olmuşam. Demək olar ki, "Qalatasaray"lıyam. Amma təəsüf ki, neçə illərdi maraqlanmıram. Məşhurlar o komandanı tərk etdikdən sonra elə bil marağım öldü. İndi ancaq yazı-pozuyla qatıram başımı. Oxucularımın qapısından söz keçirməklə məşğulam".

Şair Rasim Qaraca: "Yalnız dünya çempionatının son oyunlarına və Real Madrid - Barselona qarşılaşmalarına baxıram".

Yazıçı Pərviz Cəbrayıl: "Futbola təsadüfən baxıram. Azarkeşi olduğum komanda yoxdu. Ancaq Türkiyə və Azərbaycan milli komandalarının oyununa baxıram bəzən".

Şair Aqşin Evrən: "17 ildir futbol azarkeşiyəm. Professional şəkildə də məşğul olmuşam, heyif ki, davam etdirmədim. Mənim futbola sevgim ədəbiyyat sevgimdən qat-qat böyükdür. Ondan ötrü ki, həyatda yaşadığım ağır ədəbiyyatı həmişə mənə futbol unutdurub. Ən sevdiyim futbolçu əfsanəvi superulduz braziliyalı yekədiş Ronaldodur. Mənə və bir çoxlarına görə dünya tarixinin ən yaxşı hücumçusu olub. Azarkeşi olduğum komanda isə "Beşiktaş"dır. 15 ildir "Beşiktaş"ın bütün oyunlarını izləyirəm. Kofesiz bir dünyada yaşamaq olardı, amma futbolsuz həyat çox maraqsız və boz görünərdi".

Yazıçı Şəmil Sadiq: "Əlbəttə, baxıram. Amma heç bir şeydə fanat olmadığım kimi futbol da mənim üçün belədir. Milli təəssübkeşlik zəminində baxıram daha çox. Belə ki, "Qalatasaray"ı dəstəkləsəm də, əgər "Fənərbağ"ça Avropa liqasında oynayırsa, hökmən fənərli oluram. "Qarabağ" futbol klubumuzun oyunlarını sevsəm də, "Qəbələ" oynayanda qəbələli oluram. Millimizin oyunları isə bir başqa zövqdür. Təsəvvür edin, Qazaxıstanla Almaniya oynasa belə mənim favoritim Qazaxıstandır. Halbuki Alman futbolunu sevirəm. Sözümün canı, hər şeydən öncə millət. Dünya çempionatlarında isə milli təəssübkeşlikdən kənara çıxsaq, həmişə Xorvatiyanı dəstəkləyirəm".

Şair Furqan Sadiq: "Bəli, imkan olduqca maraqlı oyunlara baxıram. Məsələn, Çempionlar Liqasının yarımfinalı və finalı kimi oyunlara. Amma 2-3 il əvvələdək daha çox baxırdım. İndi vaxt azlığına görə azalma baş verib. "Qarabağ" və "Fənərbaxça"ya azarkeşlik edirəm".

Şair Fəird Hüseyn: "Vaxtım yodur deyə bu həzdən də özümü məhrum eləmişəm".

Şair Orxan Bahadırsoy: "Baxmıram. Futbola münasibətim təxminən Günel Mövludun münasibəti ilə eynidir. Məncə, futbol boş vaxtlarda əylənmək üçün daha münasib bir oyundur. Niyə dünyamiqyaslı hadisəyə çevrilib, bilmirəm. Yəqin ki, kimlərsə bu oyuna maraq olduğunu görüb və pul qazanmaq üçün vasitəyə çevirib. Bütün siyasi hiylələr kimi bu oyun üçün də komandalar toplanılıb, bayraqlar seçilib, himnlər yazılıb və s. Futbolçular və futbol azakeşlərindən üzr istəyirəm, amma məncə, onların hamısı futbol üzərində qurulan bu hiyləyə qurban gediblər. Bu elm deyil ki, deyək inkişafdır, mədəniyyət deyil ki, deyək yüksəlişdir, heç idman kimi də təbliğ olunmur ki, deyək sağlamlıqdır. O zaman elə kimlərinsə pul qazanmaq üçün qurduğu tələdir".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top