"Bakı-Qazax yolundakı bu nişanların hamısı qanunsuzdur" - FOTOLAR

Bakı-Qazax yolundan istifadə edən bir çox sürücülər bu yolun bəzi hissələrində sürət həddinin 70 km/saat müəyyən edilməsindən xəbərsiz olduqları üçün cərimələnirlər. Sosial şəbəkələrdə bu mövzuda müzakirələrə tez-tez rast gəlirik. İddialar var ki, bu yolda maksimum sürət 110 km/saat, minimum sürət isə 90 km/saat müəyyənləşdirilib. Yolun bəzi yerlərində 70 km/saat müəyyənləşdirilməsinin isə qanunsuz olduğu iddia olunur. Tanınmışlardan hətta yol nişanlarının monitorinqinin keçirilməsini təklif edənlər də var.

"Ümumi rejimdən kənar nişan ona görə qoyulub ki..."

Mövzu ilə bağlı "Yeniavaz.com" saytına nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov açıqlama verib. Onun sözlərinə görə, bu iddiaları araşdırmamış nə isə demək çətindir: "Bunu araşdırmamış heç kim, heç nə deyə bilməz. Əslində yanaşma belə olmalıdır - yaşayış məntəqələrində sürət həddi 90/km saat, Bakı-Qazax yolunda isə 110/km saat ola bilməz. İnsanlarımızın bir çoxunun yol hərəkətindən, sürətdən təsəvvürləri dumanlıdır".

Ərşad Hüseynov bildirib ki, Bakı-Qazax yolundan Yevlax rayonuna qədər olan hissədə 70/km saat sürəti bildirən ümumi rejimdən kənar nişan ona görə qoyulub ki, orada nə isə bir təhlükə var: "Yəni bildiyim qədər bu yol nişanı oraya səbəbsiz yerə qoyulmayıb. Qayda belədir - Bakı-Qazax yolunda ümumilikdə maksimum sürət ola bilər 90/km saat. Müəyyən təhlükələr olarsa, məsələn, yolun yaşayış məntəqələrindən keçən hissəsində sürət hətta 60/km saat da ola bilər".

"Hamı elə bilir ki, belə olmalıdır, ancaq elə olmamalıdır"

Əgər həmin yol boyu maksimum sürət 90/km saat olmalıdırsa, onda həmin yolun kənarlarında 110 km/saat bildirən yol nişanları niyə və necə qoyulub?

Ərşad Hüseynov iddia edib ki, həmin yol nişanlarının hamısı qanunsuzdur: "Bakı-Qazax yolunun kənarlarında 110 km/saat sürətə icazə verən yol nişanlarının hamısı qanunsuzdur. Əlavə söz-söhbətləri yaradan da məhz həmin özbaşınalıqdır, hamı elə bilir ki, belə olmalıdır, ancaq elə olmamalıdır. Azərbaycan qanunvericiliyinə görə, Bakı-Qazax yolunda icazə verilən maksimum sürət 90/km saatdır, vəssalam".

"Yol nişanlarının monitorinqi keçirilməlidir"

Ölkə ərazisində quraşdırılan yol nişanlarının monitorinqinin aparılmasına gəlincə, hüquqşünas bildirib ki, buna böyük ehtiyac var: "Yol nişanlarının monitorinqi keçirilməlidir. Bu yaxşı ideyadır və bunu biz də həmişə səsləndiririk. Özəl təşkilatlar bu monitorinqi keçirə bilərlər, ancaq onların monitorinqi hansı hüquqi əhəmiyyət daşıyacaq? Ağlı kəsən, anlayışı olan varsa, getsin keçirsin. Ancaq gərək bu işdən anlayışı olanlar aparsınlar motorinqi, ağıllarına gələni yazmasınlar ora. Əgər sən özün bilmirsənsə ayaqqabı necə olmalıdır, onun monitorinqi necə keçirəcəksən? Bir daha deyirəm, yol nişanlarının monitorinqinin aparılmasına böyük ehtiyac var".

"Bakı-Qazax yolu avtomagistral deyil, bu standarta cavab vermir"

"Bakı-Qazax yolunda maksimum sürət niyə 90/km saatdan çox ola bilməz?" sualımıza isə Ərşad Hüseynovun cavabı belə oldu: "Azərbaycan qanunvericiliyinə görə, avtomagistral olarsa, orada maksimum sürət 110 km/saat ola bilər, Bakı-Qazax yolu isə avtomagistral deyil, bu standarta cavab vermir. Avtomagistralın konkret tələbləri var, bu tələblərə uyğun deyil həmin yol. Bakı-Qazax yolu adi yaşayış məntəqəsindən kənar yoldur. Ona görə də orada sürət 110 km/saat ola bilməz, əgər buna icazə verirlərsə, qanunsuzdur".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top