BBQ-nin müharibə xəbərdarlığı siyasi təxribatdır

Beynəlxalq Böhran Qrupunun (BBQ, International Crisis Group) hazırladığı hesabatda Qarabağda müharibənin hər an başlaya bilməsinin vurğulanması Ermənistanda həyəcanla qarşılanıb. "Yeniavaz.com"un tert.am-a istinadən verdiyi məlumata görə, erməni diplomat Arman Navasardyan BBQ-nin adı çəkilən hesabatını siyasi təxribat adlandırıb və buna görə əhalinin panikaya düşməsinə ehtiyac olmadığını vurğulayıb: "BBQ-nin hesabatı Ermənistanın xeyrinə deyil. Əksinə hesabatda vurğulananlar Azərbaycanın maraqlarına cavab verir. Azərbaycan son vaxtlar Türkiyə ilə birgə sərhəddə hərbi, siyasi, diplomatik təbliğat işləri aparırlar".

BBQ-nin hesabatının nəyə görə Azərbaycanın maraqlarının müdafiəsinə xidmət etdiyi ilə bağlı suala cavabında Navasardyan : "Azərbaycanda hazırda daxili siyasi və iqtisadi vəziyyət heç də yaxşı deyil. Ona görə də xarici düşmənin böyük təhlükə mənbəyi olmasının vurğulanması əhalidə sayıqlığı artırır və bu, diqqətin əsas məsələdən yayınmasına gətirib çıxarır",-deyib.

Erməni diplomat Qarabağda müharibənin başlamasında Rusiyanın maraqlı olmadığını da xüsusi qeyd edib: "Rusiya münaqişə bölgəsində müharibənin başlamasına tərəfdar deyil. Azərbaycan və Ermənistan da indiki vəziyyətdə irimiqyaslı müharibədə maraqlı görünmürlər. Ona görə də cəbhədə vəziyyət gərginləşsə də bu, irimiqyaslı əməliyyatların başlaması demək olmayacaq".

DİGƏR XƏBƏRLƏR

Top