Çernoqoriyadan sonra NATO-ya üzv olmaq növbəsi Gürcüstanındır?

Bu gün Çernoqoriya (Montenenqro) rəsmi şəkildə NATO-ya üzv olub. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, Çernoqoriyanın Brüsseldəki NATO iqamətgahı qarşısında bayrağının rəsmi mərasimlə qaldırılması isə iyun ayının 7-nə planlaşdırılıb. Hərbi büdcəsi cəmisi 60 milyon dollar, əhalisinin sayı isə təxminən 700 min nəfər olan Çernoqoriyanın NATO-ya üzv olmasının ardınca növbənin Gürcüstana çatdığı ehtimal edilir. Bununla bağlı NATO rəsmiləri dəfələrlə Gürcüstanı Şimali Atlantika Alyansı üçün vacib ölkə olduğunu bildiriblər. Belə bir fikir vurğulanır ki, NATO açıq qapılar siyasətini həyata keçirir və Gürcüstan bu amildən yararlanmaq imkanlarına malikdir. Bu müstəvidə də Gürcüstanın NATO-ya üzv olması barədə 2008-ci ildə Şimali Atlantika Alyansı tərəfindən qəbul edilən qərarın qüvvədə saxlanıldığı qeyd edilir. Gürcüstan da öz növbəsində dəfələrlə NATO-ya üzv olmaq niyyətində olduğunu bəyan edib. Hərbi ekspertlərin fikrincə Çernoqoriyadan sonra NATO-ya üzv olmağa ən layiqli namizəd Gürcüstandır. Belə ki, Gürcüstan NATO-ya üzv olacağı təqdirdə Şimali Atlantika Alyansı Cənubi Qafqazda Rusiyaya qarşı güclü bir "kozır" əldə etmiş olacaq.

DİGƏR XƏBƏRLƏR

Top