Mey: Terror aktlarını bir-birinə islamçılıq ideologiyası bağlayır

Böyük Britaniyada son üç ayda baş vermiş terror aktları bir-birilə bağlı deyil, onları yalnız ideologiya birləşdirir, bununla mübarizə aparılmalıdır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Britaniyanın Baş naziri Tereza Mey deyib. Onun sözlərinə görə, bu terror aktları vahid terror şəbəkəsinin öz arasında əlaqəli olmasa da, onları bir-birinə ideologiya bağlayır: “Bu ideologiya islamçılıqdır, İslamın və həqiqətin təhrif edilməsidir. Bu ideologiya üzərində qələbə əsas müasir problemlərdən biridir. Ölkə yeni təhlükə ilə üz-üzə dayanıb. Bəzi ekstremistlər digərlərinin fəaliyyətindən tez ruhlanırlar. Yeni tendensiya ilə üzləşmişik, çünki terrorçuluq terrorçuluğu doğurur”. Baş nazir qeyd edib ki, martın 22-dən bəri baş vermiş terror aktından sonra polis əhəmiyyətli dərəcəli beş terror aktına hazırlıq cəhdinin üstünü açıb.

Xatırladaq ki, iyunun 3-də avtomobil London körpüsündə kütlənin üzərinə çırpılıb, bundan sonra maşından çıxan üç silahlı terrorçu yoldan keçənlərə hücum edib. Polis terrorçuları məhv edib. Hadisə nəticəsində 7 nəfər həlak olub, 48 nəfər isə yaralanıb, onlardan bəzilərinin vəziyyəti ağırdır. Bu terror aktı Britaniyada son 2,5 ay ərzində sayca üçüncüdür. İlk terror aktı martın 22-də Londonda baş verib. Həmin terror aktında 5 nəfər həlak olub, onlarla adam isə yaralanıb. Belə ki, terrorçu Xalid Məsud Vestminster körpüsündə maşını piyadaların üzərinə sürüb, sonra isə parlament binası yanında polisə ölümcül bıçaq zərbəsi endirib.Terrorçunu Britaniya müdafiə nazirinin mühafizəçisi məhv edib. Növbəti terror aktı mayın 22-də Mançesterdə amerikalı müğənni Ariana Qrandenin konserti zamanı qeydə alınıb. Salman Abedinin özünü partlatması nəticəsində 12-si uşaq olmaqla 22 nəfər həlak olub. Terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

DİGƏR XƏBƏRLƏR

Top