Vətəndaşları çaşbaş salan dəyişikliyə aydınlıq gətirildi: "Heç bir mahiyyət dəyişikliyi yoxdur"

Dünəndən etibarən saytlarda xəbər yayılıb ki, bundan sonra qarajlardan nəqliyyat vasitələrinin parklanması üçün istifadə edilə bilməyəcək. Bildirilir ki, Nazirlər Kabineti bununla bağlı "Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında" qərarında dəyişiklik edib.

Qərarla təsdiq edilən "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"yə əsasən, qaraj nəqliyyat vasitələrinin durması və parklanması üçün nəzərdə tutulan, mühafizə olunan tikili sayılıb. Dəyişikliyə əsasən isə artıq qaraj yalnız nəqliyyat vasitələrinin durması üçün nəzərdə tutulan mühafizə olunan tikili olacaq. Bu qərar iyulun 1-dən qüvvəyə minib.

Bildirilir ki, fiziki və hüquqi şəxslər yaratdıqları pullu qarajlardan nəqliyyat vasitələrinin pullu parklanması üçün istifadə edə bilməyəcəklər.

Bu məlumatlar isə vətəndaşlar arasında çaşqınlığa səbəb olub. "Yeniavaz.com" saytının məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov məsələyə münasibət bildirib: "Dünəndən xeyli jurnalist soruşur ki, bəs Nazirlər Kabineti dəyişiklik edib, bundan sonra qarajlardan parklanma üçün istifadə edilməyəcək, bunu şərh edin. Hətta saytlara baxıram ki, hərə ağzına gələni yazıb, qarajlardan istifadə qadağan olundu və s. Belə olmaz axı, yazdığınıza baxın, düşünün, soruşun.

Nazirlər Kabineti öz qərarında sırf texniki təyişiklik edib. Heç bir mahiyyət dəyişikliyi yoxdur. Özü də bu dəyişiklik vaxtilə buraxılmış taftalogiyanı aradan qaldırmaq üçündür. Nazirlər Kabinetinin qərarında əvvəl anlayış belə idi: qaraj - nəqliyyat vasitələrinin durması və parklanması üçün nəzərdə tutulan mühafizə olunan tikilidir.

Bu anlayışda durmaq və parklanmaq eynimənalı sözlərdir. Çünki "Yol hərəkəti haqqında" Qanunda parklanmanın anlayışı belədir: parklanma - nəqliyyat vasitəsinin onun üçün xüsusi ayrılmış müvafiq qaydada işarələnmiş yerdə durmasıdır. İndi Nazirlər Kabineti öz qərarındakı artıq sözü (və parklanması) götürüb və qarajın anlayışı belə qalıb: qaraj - nəqliyyat vasitələrinin durması üçün nəzərdə tutulan mühafizə olunan tikilidir. Vəssalam.

Heç nə dəyişmir, bu dəyişiklik heç nəyi ifadə etmir".

Ərşad Hüseynov qeyd edib ki, "Yol-patrul xidməti haqqında" yeni Təlimatdakı mühüm bir yeniliyə də münasibət bildirib: "Bu yenilik hərəkətdə olan nəqliyyat vasitəsinin DYP əməkdaşı tərəfindən saxlanılması halları ilə bağlıdır. Bundan sonra nəqliyyat vasitələri yalnız "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 85-ci maddəsində nəzərdə tutulan hallarda dayandırıla bilər. Bu isə o deməkdir ki, məsələn, hər hansı başqa səbəb yoxdursa, reyd keçirilməsi adı ilə avtomobili dayandırmaq artıq olmaz".

DİGƏR XƏBƏRLƏR

Top