Rusiyanın “Rosneft” neft-qaz şirkəti və İraq Kürdüstan Regional Hökuməti (İKRH) karbohidrogenlərin kəşfiyyatı və hasilatı, kommersiya və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi haqqında bir sıra hüquqi öhdəlik qoyan saziş imzalayıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, sazişlər İKRH-nın Baş naziri Neçirvan Bərzaninin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirakı çərçivəsində imzalanıb. Sənədləri “Rosneft”in baş icraçı direktoru İqor Seçin və İKRH-nın mineral resurslar naziri Aşti Havrami imzalayıblar. Tərəflər imzaladıqları investisiya sazişi ilə kəşfiyyat və hasilat sahəsində əməkdaşlığı inkişaf etdirmək öhdəliyini üzərlərinə götürüblər, İKRH-nın ərazisində ixrac neft kəmərinin istismarı üzrə layihənin monetləşdirilməsi haqqında razılığa gəliblər, habelə məhsulların bölüşdürülməsi haqqında bir neçə saziş bağlayıblar.
Bununla da “Rosneft” sutkalıq gücü 700 min barel olan iri regional nəqliyyat sisteminin idarəetməsinə giriş əldə edir. 2017-ci ilin sonunadək bu sistemin sutkada gücünün 1 milyon bareldən artıq səviyyəyədək artırılması planlaşdırılır. Bundan başqa, İKRH-də “Qazprom neft” şirkətinin quyuları da işləyir.