Mingəçevir "İstək" liseyi Respublika Fənn Olimpiadasında 6 medal qazandı

Mingəçevir Şəhər İcra Hakimiyyətində Mingəçevir "İstək" liseyinin Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. "Yeniavaz.com" saytı xəbər verir ki, tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramov, icra hakimiyyətinin nümayəndələri və "İstək "liseyinin müəllim və şagird kollektivi iştirak edib. İcra hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, Azərbaycanda istedadlı şagirdlərin bacarıqlarının erkən yaşda aşkarlanması istiqamətində mühüm addımlar atılır.

"Biz də belə şagirdlərlə fəxr edirik" deyən başçı istedadlı şagirdlərin seçilməsi və onların dünya olimpiadalarında ölkəmizi layiqincə təmsil etməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Daha sonra "İstək" liseyinin müdiri Fəqan Əhmədov çıxış edərək 3 il ərzində təhsildə əldə olunan nailiyyətlərdən söz açıb. Bildirib ki, istedadlı şagirdləri aşkara çıxarmaq, onların potensialını inkişaf etdirmək və həmin şagirdlərlə məqsədyönlü işin aparılması məqsədilə hər tədris ilində fənn olimpiadaları keçirilir. Obyektiv, sağlam və ədalətli rəqabət mühitində keçirilən belə yarışlar şagirdlərin müvafiq fənlərə olan marağının daha da artmasına səbəb olur.

Qeyd olunub ki, Respublika Fənn Olimpiadasının final mərhələsində liseyin 6 şagirdi iştirak edib və onların hamısı nailiyyət qazanıb - biri qızıl, ikisi gümüş, üçü bürünc medal. Onlardan 11-ci sinif şagirdi olan Emil Əlizadə 3 ildir ki, Respublika Fənn Olimpiadasından ard-arda qızıl medal gətirir. 8-ci sinif şagirdi Fəxri Məmmədlinin də adı xüsusi olaraq qeyd edilib.

O, 9-11-ci siniflər arasında olimpiadada iştirak edib və bürünc medal əldə edib. Fəqan müəllim onu da vurğulayıb ki, ali məktəblərə qəbul zamanı şagirdlər yüksək nəticə əldə edəcəklər.

Tədbirdə müvəffəqiyyət qazanan şagirdlər də çıxış edərək, onlara yaradılan şərait, diqqət və qayğıya görə əvvəlcə ölkə rəhbərliyinə, sonra icra başçısına minnətdarlıq bildiriblər. Sonda qalib şagirdlər icra başçısı tərəfindən mükafatlandırılıb.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top