ABŞ dünyanın ən bahalı aviadaşıyıcı gəmisini əldə etdi

Ən müasir “Gerald R. Ford” aviadaşıyıcı gəmisi ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) istifadəsinə verilib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, gəminin sınaqdan keçirilməsi mayın 26-da baş tutub. Hərbçilər qeyd edirlər ki, aviadaşıyıcı 2020-ci ildə tam miqyaslı istismar edilə biləcək. Həmin vaxta qədər gəmi bir neçə dəfə dənizə çıxmalıdır ki, hərbi və mühəndis sistemləri sınaqdan keçsin. “USS Gerald R. Ford” aviadaşıyıcısı ABŞ-a 12,9 milyard dollara başa gəlib və dünyada ən bahalı hərbi gəmi hesab edilir. Gəminin tikintisinə 2009-cu ilin əvvəlində start verilib.

Məlumata görə, yeni aviadaşıycı hərbi imkanlar baxımından sələflərindən geri qalmır, lakin yüksək avtomatlaşdırma səviyyəsinə malikdir. Bu da heyət üzvünün azaldılmasına imkan verib. Bundan başqa, konstruktorlar bir sıra yeni texnologiyalar, o cümlədən stels-texnologiyaları (gəminin radiolokatorlar üçün görünmə dərəcəsini azaltmağa imkan verir) tətbiq ediblər.

Qeyd edək ki, müasir avidaşıyıcılar açıq dənizdə hərəkət edən aerodrom qismində istifadə olunur. Bu tip gəmilərin əsas zərbə qüvvəsi göyərtədəki aviasiyadır. Bundan başqa, bütün aviadaşıyıcılar nüvə və ya raket silahı daşımaq iqtidarındadır. Hazırda ən böyük aviadaşıyıcı donanması ABŞ-a məxsusdur. ABŞ HDQ-nin arsenalında bu tip 13 gəmi var, daha doqquzu ehtiyatdadır. Amerikalılar iştirak etdikləri bütün münaqişələrdə aviadaşıyıcı qruplardan istifadə ediblər. Böyük Britaniya, İtaliya, İspaniya, Hindistan, Fransa, Braziliya, Tailand, Çin, Yaponiya, Misir və Cənubi Koreyanın da öz aviadaşıyıcıları var. Rusiyanın isə yalnız bir aviadaşıyıcı gəmisi var, o da 1987-ci ildə suya buraxılmış “Admiral Kuznetsov”dur.

DİGƏR XƏBƏRLƏR

Top