"Skype" və "WhatsApp"a məhdudiyyət qoyulması vətəndaşlara ciddi maddi ziyan vurur"

"WhatsApp", "Facebook", "Skype", "Viber" və s . bu tip resurslara məhdudiyyətlər hələ də davam edir. Heç bir rəsmi açıqlama da yoxdur. Nə Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyi, nə də xüsusi xidmətlər hər hansı açıqlama verməyiblər". "Yeniavaz.com" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri, ekspert Osman Gündüz bildirib.

"Qeyri rəsmi məlumatlarda təhlükəszilik məqsədilə edildiyi bildirilir. Anlaşılandır, xüsusilə də beynəlxalq tədbirlərin keçirildiyi zamanda. Tədbirlər də artıq başa çatıb. İndi nə baş verəcək ? Hamını maraqlandıran bir sual var ki, görəsən, bu messencerlər birdəfəlikmi bağlanacaq? Əgər həqiqətən də təhlükəsizlik məqsədilə bağlanıbsa, onda güman ki bizim xüsusi xidmətlər, başqa ölkələrdə olduğu kimi, adıçəkilən qurumlara əməkdaşlıq təklif edəcəklər, serverlərini burada yerləşdirməyi təklif edəcəklər. Onların buna münasibəti necə olacaq? Məlumdur ki, bu tip qlobal resurslarda ikili standartlar da var, onların kiçik ölkələrlə münasibətləri korrekt deyil, biznes maraqları da yoxdur. Əgər əməkdaşlıq baş tutmasa, onlar serverlərini bura gətirməsələr, bu resurslara giriş qapalımı olmalıdır? Düşünürəm ki, bu da normal hal deyil. Belə olan halda vətəndaşların, həmçinin ölkəyə gələn turistlərin informasiya münasibətləri necə olacaq, bu tip resurslar üzərində müxtəlif xidmətlər təklif edənlərin, biznes quranların taleyi necə olacaq?".

Osman Gündüzün fikrincə, bu, həm də ölkənin beynəlxalq imcinə ciddi təsir edən amillərdəndir: "Yəqin ki, bu vəziyyət artıq Azərbaycanla bağlı beynəlxaq hesabatlarda mənfi hal olaraq özünə yer tapıb. Beynəlxlaq danışıqların, mobil operatorların danışıq tariflərinin yüksək olduğu bir zamanda bu cür qadağalar vətəndaşlara ciddi maddi ziyan da vurur. Bu prosesdə maraqlı tərəflər, biznes maraqları olanlar, bloklanmadan xeyir qazananlar da məlumdur. Güman ki, bloklamadan sonra telefon danışıqlarının həcmi artıb və bu səs trafikinin yüksəlməsi hesabına, rouminq və beynəlxalq danışıqlar hesabına Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyi (Azİntelecom), "Azercell", "Bakcell və NAR gəlirlərini xeyli artıra biliblər. Sirr deyil ki, bu qurumlar həmişə maraqlı olacaqlar ki, bloklanma daimi olsun. Düşünürəm ki, hökumət bu problemin vətəndaşların normal informasiya münasibətlərinə zərər vermədən həllinə diqqət yetirməlidir. Bu problem maraqlı tərəflərin iştirakı ilə müzakirə olunmalıdır. Fikrimcə, vətəndaşların maraqlarına toxunan bu tip bloklanmadan sonra, hökumət heç olmasa dərhal, heç düşünmədən beynəlxalq danışıq tariflərini, mobil operatorlar da rouminq tariflərini azalda bilərdilər. Ümumiyyətlə, fikrimcə, indiki zamanda bloklama həll variantı deyil. Məlum "soyuq müharibənin" texnoloji variantına oxşar olan bu addımların sonda effektiv olacağını düşünmürəm. Digər müxtəlif həll variantları ola bilər. Ümid edirəm ki, hökumət bu problemi yaxın zamanlarda həll edə biləcək".

DİGƏR XƏBƏRLƏR

Top