Dövlət Neft Şirkəti (SOCAR) 2017-ci ilin may ayında Novorossiysk limanından 84 min 631 ton, Supsa limanından 260 min 380 ton, Ceyhan limanından 1 milyon 322 min 980 ton xam neft ixrac edib. "Yeniavaz.com" SOCAR-dan açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə Novorossiysk limanından ixrac olunan xam neft 5,8% və ya 4 min 668 ton artıb. Supsa limanından ixrac olunan xam neft 1,6% və 4 min 368 ton, Ceyhan limanından isə 9% və ya 131 min 780 ton azalıb.
Ümümilikdə yanvar-may ayları ərzində Novorossiysk limanından 573 min 838 ton, Supsa limanından 1 milyon 139 min 45 ton, Ceyhan limanından 6 milyon 697 min 67 ton xam neft ixrac edilib. SOCAR tərəfindən ixrac olunan xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
Onu da qeyd edək ki, may ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 50,43 dollara, Urals nefti 49,40 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 51,55 dollara satılıb.