.jpg)
Məlum olduğu kimi, gələn il 365 günündən (8760 saat) ibarətdir. "Yeniavaz.com"un Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci və 6-cı hissələrinə və Nazirlər Kabinetinin "2017-cü ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" 25 noyabr 2016-cı il tarixli qərarına əsasən apardığı hesablama göstərir ki, bu günlərin 241-i iş (beşgünlük iş həftəsinə görə-red), 110-u istirahət, 17-i bayram, 1-i isə Ümumxalq hüzn günü olacaq. Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən ölkə ərazisində həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Belə olan halda iş günü beşgünlük iş həftəsi üzrə 8 saat, altıgünlük iş həftəsi üzrə isə gündəlik iş vaxtının müddəti 7 saatdan və səhərisi gün istirahət günü olan iş gününün (şənbə-red.) müddəti isə 6 saatdan çox ola bilməz. Eyni zamanda Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, iş günü hesab edilməyən bayram, səsvermə və Ümumxalq hüzn günündən əvvəlki iş gününün müddəti bir saat qısaldılır. Beləliklə də, 2017-ci il üçün illik iş vaxtının norması 1922 saat təşkil edir.
Məlumat üçün onu da bildirək ki, Nazirlər Kabinetinin "2017-cü ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" qərarına əsasən 2017-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:
1-2 yanvar - Yeni il bayramı;
20 yanvar - Ümumxalq hüzn günü;
8 mart - Qadınlar günü;
20, 21, 22, 23, 24 mart - Novruz bayramı;
9 may - Faşizm üzərində qələbə günü;
28 may - Respublika günü;
15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş günü;
26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;
26-27 iyun - Ramazan bayramı;
1-2 sentyabr - Qurban bayramı;
9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü;
31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü.
Eyni zamanda qeyd edək ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə əsasən 2017-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri və Ramazan bayramının bir gününün Silahlı Qüvvələri günü ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq, beşgünlük iş həftəsində 3, 4 yanvar, 29 may, 28 iyun və 4 sentyabr tarixləri, altıgünlük iş həftəsində isə 3 yanvar və 29 may tarixləri istirahət günləridir. Onu da bildirək ki, Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əsasən istirahət və iş günlərinin yeri dəyişdirə bilər.
Tətbiqimizi yükləyə bilərsiniz