"İslam Oyunlarına gələn bəzi ölkələr heç Azərbaycanı tanımırdı" - Müzəffər Ağakərimov

Azərbaycanda keçirilən beynəlxalq tədbirlər müzakirə mövzusu olanda həm də turizmin inkişaf etdirilməsi arqument kimi göstərilir. Qeyd olunur ki, ölkəmizin tanıdılması, fərqli ölkələrdən turist cəlb edilməsi baxımından bu əhəmiyyətlidir. Həqiqətən, Bakıda turistlərin sayının artması diqqəti cəlb edir. Bəs yaxın gələcəkdə, yəni qardaşıdakı 4-5 il ərzində Azərbaycanda turizmin inkişafı ilə bağlı nələrin reallaşacağı gözlənilir? Fərqli dəyişikliklər olacaqmı, turist axını gözlənilirmi?

Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov "Yeniavaz.com" saytına açıqlamasında mövzunu belə şərh edib: "Yaxın gələcək üçün mən çox optimistəm və gələcəyə turizmin inkişafı nöqteyi-nəzərdən çox ümidlə baxıram. Çünki Azərbaycanda turizm infrastrukturu, turizm növləri ilbəil artır. Eyni zamanda Azərbaycanda yeni tip otellər meydana çıxır. Bildiyiniz kimi, bir neçə il bundan qabaq bizdə hostellər yox idi. KİV-də çıxışlarımızda, digər ənənəvi diskussiyalarda bu otel növünün olmasının vacibliyi vurğulanırdı. Artıq Bakıda hostellər fəaliyyət göstərir. Yəni fərqli imkanlı turistləri qəbul etmək üçün müxtəlif otellər də var".

"İndi bu sahədə bir çox işlər görülür"

Ekspertin sözlərinə görə, yaxın gələcəkdə Azərbaycanda turizmin digər növlərinin də inkişafının şahidi olacağıq: "Prezidentin çimərlik turizminin inkişafı, həmçinin Xəzər dənizinin potensialından maksimum istifadə etmək haqqında 2017-2020-ci illərə dair verdiyi sərəncamı kütləvi turizmin inkişafı üçün mühüm amildir. İndi bu sahədə bir çox işlər görülür. Sizin verdiyiniz sualların cavabı həmin bu sərəncamdadır ki, gələcəkdə bunlar nəzərə alınaraq, mütləq turizmin digər növləri də inkişaf edəcək - eyni zamanda kütləvi turizm də yüksək səviyyəyə qalxacaqdır".

"Turizm haqqında" yeni Qanun qəbul olunacaq"

Müzaffər Ağakərimovun dediyinə görə, yaxın vaxtlarda Azərbaycanda "Turizm haqqında" yeni Qanun qəbul olunacaq: "Köhnə qanun 1999-cu ildə qəbul olunub, yeni qanun da təsdiqini tapacaq Milli Məclisdə. Bundan əlavə, yeni strateji yol xəritəsində turizmin inkişafı ilə bağlı 2025 və ondan sonrakı illər hədəf götürülüb. Hədəf Azərbaycanı turizmi inkişaf etmiş 20 ölkə arasına çıxarmaqdır. Eyni zamanda Turizm Şurası yaradılıb. Görün turizm haqqında, turizmin inkişafı haqqında nə qədər sərəncamlar, qərarlar verilir. Turizmə qeyri-neft sektoru kimi çox üstünlük verilir, diqqət göstərilir".

"Daha çox gəlir gətirəcəyini düşünürəm"

Müsahibimiz hesab edir ki, yaxın gələcəkdə Azərbaycanda turizm daha çox inkişaf edəcək: "Bu ümumi söz olmasın, əldə fakt olsun deyə, bir misalı da qeyd edim. Bildiyiniz kimi, bu yaxınlarda İslam Həmrəyliyi Oyunları keçirildi. Bu oyunlarda 50-dən çox müsəlman ölkəsi iştirak edirdi. Bunların içərisində bir çox ölkələr heç Azərbaycanı heç tanımırdı. Həmin ölkələrin nümayəndələri öz ölkələrində Azərbaycan haqqında reklam, təbliğ və təşviq apardıqdan sonra o ölkələrin digər insanları da ölkəmizə üz tutacaqdır. İslam Həmrəyliyi Oyunları, "Formula" yarışları, beynəlxalq idman yarışları, beynəlxalq tədbirlər turizmin inkişafı üçün bir tramplin rolunu oynayır. Bu baxımdan mən yaxın gələcəkdə Azərbaycanda turizmin daha çox inkişaf edəcəyini və daha çox gəlir gətirəcəyini düşünürəm".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top