“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti yerli istehsalçılarda qarabaşaq əkininə marağı artırmaq üçün bu sahəyə avans məbləğinin verilməsini və istehsal olunan məhsulun fermerdən sərfəli qiymətə tədarük olunmasını həyata keçirir. Səhmdar Cəmiyyətdən "Yeniavaz.com"a verilən məlumata görə, İlk dəfə olaraq builki məhsul mövsümündə qarabaşaq əkinlərinə başlanıb. Belə ki, Kürdəmir rayonunda 50 hektar (gözlənilən məhsuldarlıq 125 ton), Qəbələ rayonunda 12 hektar (gözlənilən məhsuldarlıq 30 ton) və Bərdə rayonunda 1 hektar (gözlənilən məhsuldarlıq 2,5 ton) sahədə qarabaşaq əkini üçün istehsalçılara 39 min 348 manat avans verilib. Əkinlər optimal vaxtda başa çatdırılıb və hazırda sahələrdə aqrotexniki qaydalara uyğun bitiş əldə olunub. Sahələrdən əldə olunacaq proqnoz məhsuldarlıq 157,5 ton olacaq.
Səhmdar Cəmiyyətin “Monitorinq və mal dövriyyəsinə nəzarət” şöbəsinin müdiri Sahib Şükürov və regional bölmə əməkdaşları bu gün Qəbələ rayonu, Tüntül kənd sakini Elçin Baxışovun sahəsində olaraq bitkinin inkişaf fazasına baxış keçiriblər. Fermer 12 hektarda qarabaşaq əkini üçün 10 min 680 manat avans alıb. Bitkinin inkişafı, göstərilən aqrotexniki qulluq işlərinin səviyyəsi qənaətbəxş qiymətləndirilib.
Səhmdar Cəmiyyət bu ilki məhsul mövsümündə qarabaşaqla yanaşı, noxud, lobya, sarımsaq, kələm, yerkökü, kartof, kahı, çəltik və digər məhsullar da daxil olmaqla 39 məhsul növü üzrə 120 nəfər fermerə 2 milyon 712 min manat həcmində avans verib. Verilmiş avanslar üzrə tədarükün həcmi 25 min 526 ton təşkil edəcək.