Ölkəmizdə informasiya cəmiyyətini formalaşdırmaq, dövlət və vətandaş arasında yaxud ayrı-ayrı dövlət və ictimai qurumlar, təşkilatlar arasında sürətli informasiya mübadiləsini həyata keçirmək məqsədilə 2005-2008 və 2010-2012-ci illər ərzində "Elektron Azərbaycan" Dövlət Proqramı həyata keçirilib. "Yeniavaz.com" xəbər verir ki, "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində həyata keçirilən ən önəmli layihələrdən biri də "Elektron Hökumət" ("e-hökumət") layihəsidir. Məlumat üçün bildirək ki, "e-hökumət" - hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Yəni hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, mənzil-təsərrüfat idarəsi ilə orta məktəbə qədər olan bütün idarələrin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elektron rabitə vasitəsilə müraciət edə bilər. "E-hökumət"in qurulması hər bir ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsinə gətirib çıxarır. Ölkəmizdə "e-hökumət" layihəsi istiqamətində mühim addımlar atılıb. Prezident İlham Əliyevin "e-hökumət"lə bağlı fərmanına əsasən müvafiq qurumlar hüquqi və fiziki şəxslərin elektron imza ilə təmin edilməsi işini təşkil ediblər. Eyni zamanda vətəndaşların dövlət orqanlarının elektron xidmətlərindən "bir pəncərə" prinsipi əsasında yararlana bilmələri məqsədilə "e-hökumət" portalı - "www.ehdis.az" və ya "e-gov.az" istifadəyə verilib. Eyni zamanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyi qurulub.
Hökumətin 35 üzvündən 29-u "www.e-gov.az"a qoşulub
"E-hökumət"in uğurlu fəaliyyəti göstərə bilməsi üçün müvafiq qurumlar tərəfindən mütləq elektron xidmətlər təklif olunmalıdır. Hazırda əksər hökumət qurumları elektron xidmətlər təklif etsələrdə, hələ də elektron xidmətlər təklif etməyən və yaxud da məhdud sayda xidmət təklif edən qurumlar da var. "Yeniavaz.com"un bu istiqamətdə apardığımız araşdırmalar göstərir ki, "e-hökumət" layihəsinin əsas hissəsi olan "www.e-gov.az" internet portalına hökumətin (Nazirlər Kabineti) tərkibinə daxil olan 35 qurumdan 29-u qoşulub. Nazirlər Kabinetində təmsil olunan 18 nazirlikdən 17-si "e-hökumət" layihəsinə qoşulub. Yalnız Müdafiə Nazirliyi vətəndaşlara elektron xidmətlər təqdim etmir. Eyni zamanda Nazirlər Kabinetində təmsil olunan 9 Komitə, 5 Xidmət, 2 Administrasiya və 1 İdarədən 5-i elektron xidmətlərə qoşulmayıb. Bunlardan başqa Mərkəzi Seçki Komissiyası, "AzərEnerji" ASC, "Azərsu" ASC və "Melorasiya və Su Təsərrüfatı" ASC kimi dövlət qurumları da elektron xidmətlərini "www.e-gov.az" internet portalın inteqrasiya ediblər. Qeyd edək ki, hazırda təsdiq edilən elektron xidmətlərin sayı 457-yə çatıb və bunların 341-i " www.e-gov.az" portalına inteqrasiya olunub. Dövlət qurumlarına məxsus olan veb-saytlarda isə 497 elektron xidmət yerləşdirilib. Bu xidmətlərin 448-i hazırda "www.e-gov.az" internet portalında mövcuddur.
Kimin "xidməti" çoxdur?
"E-hökumət portalı vasitəsilə ən çox elektron xidmət təqdim edən dövlət qurumu Vergilər Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyidir. Vergilər Nazirliyi müxtəlif istiqamətlərdə ümumilikdə 65, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi isə 38 elektron xidmət təqdim edir. Bu xidmətlərin bəzilərindən "www.e-gov.az" portalında qeydiyyatdn keçmədən istifadə etmək olar. Digər xidmətlərdən istifadə etmək üçün portalda qeydiyyatdan keçmək lazımdır. Bundan başqa vətəndaşlara ən çox elektron xidmət təqdim edən qurumların başında Səhiyyə Nazirliyi (33 xidmət), Əmlak Məsələləri Dövlət Komitəsi (31 xidmət), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (28 xidmət), Ədliyyə Nazirliyi (22 xidmət), Kənd Təsərrüfatı Nazirliyi (22 xidmət), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (21 xidmət), Dövlət İmtahan Mərkəzi (21 xidmət) və Dövlət Dəniz Administrasiyası (17 xidmət) dayanır. "www.e-gov.az" portalı vasitəsilə minimum sayda, cəmi 1 elektron xidmət təqdim edən qurumlar arasında Diasporla İş Üzrə Dövlət Komitəsi, Baş Prokrorluq, Xarici İşlər Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi yer alıb. Bəzi dövlət qurumları isə elektron xidmətlər təqdim etsələr də bunlar "www.e-gov.az" portalına inteqrasiya olunmayıb. Bəzi dövlət qurumları isə heç bir elektron xidmət təqdim etmirlər. Elektron xidmətlər reyestrində Dövlət Təhlükəsizliyi ilə Xarici Kəşfiyyat Xidmətləri və Müdafiə Nazirliklərinə, həmçinin Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsiə məxsus təsdiqlənmiş elektron xidmətlər mövcud deyil.