Bu marşrut da kartla işləyəcək - Açıqlama

Daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, iyunun birindən 135 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslardan istifadə edən sərnişinlər gediş haqqını nağd formada deyil, Bakı Kart sistemi ilə ödəyəcək. Tətbiq edilən yeniliklə bağlı əhalinin vaxtında məlumatlandırılması məqsədi ilə, 135 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusların daxilinə elanlar da vurulub.

Vahid kart ödəniş sisteminə keçidlə əlaqədar, artıq 135 nömrəli marşrut xətti üzrə hərəkət edən 23 ədəd avtobusa validatorlar quraşdırılıb. Həmçinin, avtobusların salonuna nəzarət etməyə imkan verən video müşahidə sistemləri yenilənib.

Xatırladaq ki, hazırda Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 17 müntəzəm 1 ekspress marşrut xətti üzrə 450-dən artıq avtobusda gediş haqqı vahid kart ödəniş sistemi ilə həyata keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top